Məhkəmə qərarları › İş №e-2(050)-549/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-549/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-549/2025 17.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6574,52 manat əsas borc, 620,72 manat faiz borcu, cəmi 7195,24 manat pul vəsaitinin və ödənilmiş 91,96 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2023 il tariхli, 106804-477781/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə illik 19,5 faiz dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin 09 dekabr 2024-cü il tarixə "xxxx" ASC-yə 6574,52 manat əsas borcu, 620,72 manat faiz borcu, cəmi 7195,24 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

Tərəflərin izahatları:

3. İddiaçı "xxxx" ASC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, 13 mart 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini bildirmiş, nümayəndənin iştirakı olmadan işə baxaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə və sms məlumatın çatmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarıldığından və onun faktiki yaşadığı yer məlum olmadığından məhkəmə bildirişinin ona təqdim olunması üçün yaşadığı ərazi üzrə Masallı rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi üzrə nümayəndəsinə məktub göndərilmişdir. Masallı rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi üzrə nümayəndəsi 11 fevral 2025-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, Nağıyev X1 rayonu, Boradigah qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 54 ünvanında qeydiyyatdadır, lakin halhazırda ailə üzvləri ilə birlikdə ərazidə yaşamır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2023 il tariхli, 106804- 477781/2 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 42 ay müddətinə, illik 19,5 faiz dərəcəsi ilə 7500 manat kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

9. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 17-dən gec olmayaraq 42 ay müddətinə hər ay 247,78 manat, ilk və sonuncu ay 247,79 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

10. 09 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" ASC-yə 17 noyabr 2023 il tariхli, 106804-477781/2 saylı kredit müqaviləsinə əsasən 09 dekabr 2024-cü il tarixə 6574,52 manat əsas borcu, 620,72 manat faiz borcu, cəmi 7195,24 manat borcu vardır.

11. "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 6574,52 manat əsas borc, 347,63 manat faiz borcu, cəmi 6922,15 manat borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

12. 23 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 91,96 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2023 il tariхli, 106804-477781/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə illik 19,5 faiz dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir.

18. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı 17 noyabr 2023 il tariхli, 106804-477781/2 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 442.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

20. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında 17 noyabr 2023 il tariхli, 106804- 477781/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 42 ay müddətinə, illik 19,5 faiz dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 6574,52 manat əsas borc, 347,63 manat faiz borcu, cəmi 6922,15 manat borcu yaranmışdır.

21. Məhkəmə yuxarıda qeyd edilən plenum qərarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, maliyyə arayışında cavabdehin 6574,52 manat əsas borcu, 620,72 manat faiz borcu qeyd edilmişdir. İddiaçı 24 sentyabr 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Pretenziya məktubunda isə cavabdehin 6574,52 manat əsas borcu, 347,63 manat faiz borcu olması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 6574,52 manat əsas borc, 347,63 manat faiz borcu, cəmi 6922,15 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmə xərcləri:

23. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 91,96 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

24. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6574,52 manat əsas borc, 347,63 manat faiz borcu, cəmi 6922,15 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 91,96 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir.

25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6574,52 manat əsas borc, 347,63 manat faiz borcu, cəmi 6922,15 (altı min doqquz yüz iyiyrmi iki manat on beş qəpik) manat məbləğində pul və ödənilmiş 91,96 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar