Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-609/2023 10.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonracavabdeh) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cəmi borcu 3991.38 manat - bundan 1392.86 manat əsas, 1104.04 manat faiz, 1302.77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 191.71 manat faiz borcu və iş üzrə ödənilmiş 59.92 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma aparılması zərurəti olduğu üçün işə iddia icraata qaydasında baxılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 40006834 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 2930 ABŞ dolları məbləğində kredit açılmışdır. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə sazişə borcalanın kreditor qarşındakı kredit öhdəliyinin qalığı 2735.76 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli Əlavə sazişə əsasən borcalanın kreditor qarşındakı kredit öhdəliyinin qalığı 1772.88 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə sazişə əsasən kreditorun borcalana (Birgə Borcalana) verdiyi kredit öhdəliyinin qalığı 1198.92 ABŞ dolları konvertasiya edilməklə (1 USD=1.50 AZN) 1798.38 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3991.38 manat təşkil edir. Bundan 1392.86 manat əsas, 1104.04 manat faiz, 1302.77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 191.71 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli, **********329 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il il tarixdə 67 manat məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 465, 449.1, 449.4 və 739.1-ci maddələrinə istinad edilmişdir. Cavabdeh tərəfindən imzalanmış və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddiaya etirazda göstərilmişdir:
1. O, 2014-cü ildə "xxxx" ASC-dən 2000 manat kredit götürmüşdür. Əvvəlcədən razılaşmaya görə 22 yanvar 2015-ci il tarixdə 500 manatlıq kredit kartı almaq üçün Banka getmişdir. Bankda ona demişdilər ki, kart yoxdur, gəlin Sizə 2224 manat yeni kredit verək, 1301 manatla əvvəlki kreditini bağla, 500 manatdan da artıq pulun olsun. Banka faizlə birlikdə 2800 manat pul ödəyəcəksən. Razılaşmış, Bankın bağlanmasına 15-20 dəqiqə qalmış müqaviləni ona vermədən imza yerini göstərməklə imzalatdırmışlar. Bankdan ona 2223.94 manat pul vermişdilər. Pulu manatla verdikdən sonra demişdilər ki, ödəniş cədvəli dollarla tərtib edildiyinə görə ödənişi dollarla ödəyəcəksiniz. Bank işçiləri dələduzluq edərək, onu aldatmışdılar. Həmin saatdan başlayaraq aralarında böyük qalmaqallar yaşanmışdır. İlk 4 ayın ödənişini manatla etmişdir. Onu cərimə etmişdilər. Bank ona 2224 manat verdiyi halda ondan 5800-6000 manat ödəməyi tələb edirdi. Bank ona bircə dollar da pul verməyib, amma verdiyi 2224 manata görə 5800-6000 manat ödəməyi tələb edir. Dələduzluq edərək onu aldatmışdılar.
2. O, həmişə Bankdan ona 1000 manat güzəştə getməsini istəmişdir. Axı ona bir dollar da vermədikləri halda, verdikləri 2224 manata görə 5800-6000 manat ödəməli idi. Axırıncı ödəniş etdikdən sonra bildirmişdir ki, Bank ona güzəşt etməyincə ödəniş etməyəcəkdir. Bank güzəşt etmədiyinə görə, o, da ödəniş etməmişdir. Yəni, ödənişdən qəsdən yayınmamışdır.
3. Problemli kreditlərlə bağlı Prezidentin Fərmanından sonra ona 1631 manat pul qaytarılmışdır. Hesab etmişdir ki, Bank borcunu bağlamış və 1631 manat artıq qalan puldur. Banka borclu olduğunu bilməmişdir.
4. Bank işçiləri dələduzluq edərək, onu aldatmasaydılar, şərtləşdikləri kimi verdikləri 2224 manat pula görə faizlə birlikdə 2800 manat alsaydılar bu problem olmayacaqdır.
5. Bank iddia edir ki, o, krediti ödəməkdən yayınmışdır. 2019-cu ilin fevralında problemli kreditlərlə bağlı Prezidentin Fərmanından sonra İddiaçı ASC ona baş verənlərdən sonra nə qədər borclu olduğunu və necə ödəniş etməyini bildirməli, izah etməli idi. Ötən təxminən 4 il (2019, 2020, 2021, 2022) müddətində yalnız 31 oktyabr 2022-ci il tarixli bildirişlə xəbərdarlıq edilmiş, 3 gün müddətində 4000 manat ödəməyi tələb etmişdilər. 1631 manatı alanda xəbərdarlıq etsəydilər, borcu dərhal ödəyərdi. Ona dəfələrlə şifahi şəkildə xəbərdarlıq etmələri iddiası tamamilə yalandır. Buna görə də, son ödənişdən və problemli kreditlərlə bağlı Fərmandan sonra irəli sürdükləri faiz və cərimələr tamamilə əsassızdır.
6. Bank iddia edir ki, ödənişi dayandırdığına görə Banka ziyan dəymişdir. Axı ondan 2800 manat əvəzinə 4100 manata almalarına görə də qazanc əldə etmişdilər.
7. O, son ödənişə qədər Banka 4095 manat pul ödəmişdir. Qalıq borc 1392 manat əsas və təqribən 300 manat da faiz olmuşdur. 4095+1693=5877 manat. Bütün bunlara görə ədalət naminə 300 manatdan artıq pul ödənilməməlidir. Cavabdeh tərəfindən imzalanmış və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddiaya etirazda göstərilmişdir:
1. xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə saziş görə Banka 1198.92 ABŞ dolları borcu qalmışdır. Banka həmin günə qədər 2590 ABŞ dolları (3789-1199) pul ödəmişdir.
2. Problemli kreditlərlə bağlı Fərmandan sonra ödədiyi 2590 dollara görə ona 1631 manat pul qaytarılmışdır. Yəni o, xx.xx.2017-ci il tarixə qədər Banka 4221 manat (2590+1631) pul ödəmişdir.
3. Bundan sonra üçüncü sazişə (xx.xx.2017) görə Banka daha 740 manat pul ödəmişdir. Yəni, ümumilkdə Banka 4961 manat pul ödəmişdir.
4. Həmin puldan 1631 manat geri qaytarıldığına görə Banka ödədiyi pulun miqdarı 3330 manatdır.
5. Bankın işçiləri dələduzluq edərək, razılaşdıqları kimi ona 2224 manat verib müqaviləni gizlində dollarla tərtib etməsəydilər, o, Banka faizlə birlikdə cəmi 2802 manat ödəyəcəkdir.
6. Bank ona verdiyi 2224 manata görə 4961 manat ödədiyi vaxt ona 500 manat güzəşt edib 5800 manat ödəməsini israr etməsəydi, o, 300 manatı da ödəyib krediti bağlayacaqdı. Onlar güzəştə getməmişdilər, o, da ödənişi dayandırmışdır.
7. Bank ötən 5 ilə yaxın müddətdə xx.xx.2022-ci il bildirişinə qədər ona Bankdan borclu olduğu haqqında nə şifahi, nədə rəsmi yazılı şəkildə məlumat verilmişdir. Buna görə də, xx.xx.2018-ci il ödənişindən sonrakı müddət üçün hesablanmış və iddia edilən faiz və cərimə qanunsuzdur.
10. Bank bilməlidir ki, 1199 ABŞ dollarından sonra etdiyi 740 manata görə həmin vaxtkı kursla borcu 450 dollar azalacaqdı və dövlət ona əlavə olaraq daha 270 manat qaytaracaqdır. Bu da həmin vaxtkı kursla təxminən 166 dollar edəcəkdir. Yəni, dollarla ödəniş dollarla davam etsəydi, son ödənişdən sonra onun Banka borcu 582 ABŞ dolları olacaqdır. Bu halda o, Banka verdikləri 2224 manata görə 5800 manat ödəmiş olur.
11. Qalıq olan 1392 manat əsas borc 1199 ABŞ dolların 1798 manata çevrilməsinin nəticəsidir. Yəni, bu halda da o, 2224 manata görə 5800 manat ödəmiş olur. Sonda cavabdeh LPO İddiaçı ASC-yə iş üzrə ödənilmiş 52.92 manat dövlət rüsumu da daxil olmaqla 300 manatdan artıq pul ödənilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə cavabdehin kredit müqaviləsinə görə daha çox borcunun olması müəyyən edilmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanladığı 06 iyun 2018-ci il tarixli məktubda borcun cəmi 1494.59 manat göstərilməsi iddianın əsaslılığını bir daha təsdiq edir. Belə ki, 06 iyun 2018-ci il tarixli məktubda göstərilmiş 1494.59 manat borcun 1392.86 manatı əsas, 90.15 manat faiz və 11.58 manat cərimə borcu olmuşdur. İddiaçının hazırda tələb etdiyi əsas borc da 1392.86 manatdır. Nəzərə almaq lazımdır ki, cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il il tarixdə 67 manat məbləğində ödəniş etmişdir. Yəni, cavabdeh uzun müddətdir ki, borcundan ödəniş etmir. Belə bir vəziyyətdə təbii ki, ödənilməyən kredit borcuna görə faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən faiz hesablanmışdır. Sonda Nümayəndə2 iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, tələb edilən borc məbləği iddia ərizəsində göstərilən məbləğdə ola bilməz. Ona kredit verilərkən manatla verilmiş, lakin Bank əməkdaşları onu aldadaraq, dollarla tərtib edilmiş müqaviləyə imza atdırmışlar. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ekspert rəyi ilə razı olmadığını bildirmiş, ərizəsinə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona ünvanladığı 06 iyun 2018-ci il tarixli məktubu əlavə etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2015-ci il tarixli, 40006834 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 2930 ABŞ dolları məbləğində kredit verilməsi barədə öhdəlik götürülmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, ödənişlərin hər ay 157.89 (sonuncu ay 157.70) olmaqla ABŞ dolları ilə ödənilməsi nəzərədə tutulmuşdur. 22.1.2015ci il tarixli bank çıxarışından (qəbzdən) görünür ki, müqaviləyə əsasən Borcalana verilməli olan 2842.1 ABŞ dollarını sonuncu dolların manata konvertasiyası (0.7825) olaraq manatla qəbul etmişdir. xx.xx.2015-ci il tarixli, R-327 saylı kredit müqaviləsinə Əlavə sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli, 40006834 nömrəli kredit müqaviləsinin məzmununa dəyişiklik edilmiş, kreditinin qalıq məbləği 2735.76 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2016-cı il tarixli, 02 saylı kredit müqaviləsinə Əlavə sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli, 40006834 nömrəli kredit müqaviləsinin məzmununa dəyişiklik edilmiş, kreditinin qalıq məbləği 1772.88 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli, 03 saylı kredit müqaviləsinə Əlavə sazişdən görünür ki, borcalanın xx.xx.2015-ci il tarixli, 40006834 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşındakı kredit öhdəliyinin qalığı 1198.92 ABŞ dolları konvertasiya edilməklə (1 USD=1.50 AZN) 1798.38 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. 22 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcu - 1392.86 manat əsas, 1104.04 manat faiz, 1302.77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 191.71 manat faiz borcu təşkil edir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış 06 iyun 2018-ci il tarixli, **********274 saylı məktubda göstərilmişdir ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən müştəriyə ABŞ dolları valyutasında kredit verilmişdir. Qeyd olunan kredit xx.xx.2017-ci il tarixdə resturukturizasiya edilmiş və kreditin valyutası manata konvertasiya edilərək müddəti illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə uzadılmışdır. Hazırda Cavabdeh elektron bank sistemində cəmi 1494.59 manat kredit borcu mövcuddur. Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-ci il tarixli, 9/4826 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddətinin sonuna, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1722.90 ABŞ dolları, faiz borcu üzrə 1537.17 ABŞ dolları; xx.xx.2022-ci il tarixə 5 faiz borcu üzrə 238.81 ABŞ dolları borcu (texniki səhv nəticəsində borc ABŞ dolları ilə göstərilmişdir, əslində AZN-dir.) var. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh üçün 1631.24 manat kompensasiya hesablanmışdır. 31 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, LPO "xxxx" ASC Cavabdeh bildiriş göndərilməklə Banka olan borcunun ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, LPO "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 59.92 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə cavabdehin aldadılaraq, müqavilənin dollarla bağlanması, müqaviləyə görə ona kreditin manatla verilməsi ilə bağlı bildirir ki, xx.xx.2015-ci il tarixli, 40006834 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 2930 ABŞ dolları məbləğində kredit verilməsi barədə öhdəlik götürülmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, ödənişlərin hər ay 157.89 (sonuncu ay 157.70) olmaqla ABŞ dolları ilə ödənilməsi nəzərədə tutulmuşdur. Müqaviləni, müqavilənin ayırlmaz tərkib hissəsi olan olan ödəniş cədvəlini müqavilə tərəfləri imzalamışdılar. Müqaviləyə əsasən kredit götürən şəxsin kreditin (pulun) kassadan istəyinə uyğun dolların manata konvertasiyasına uyğun qəbul etməsi o demək deyil ki, ona kredit manat ilə verilib və o, ödənişləri manatla etməlidir. xx.xx.2015-ci il tarixli, 40006834 nömrəli kredit müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, bu müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Yuxarıda qeyd edildiyi kimi müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.20215-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödənişlərin hər ay 157.89 (sonuncu ay 157.70) olmaqla ABŞ dolları ilə ödənilməsi nəzərədə tutulmuşdur. Bundan başqa, müqavilə tərəfələri arasında ilkin müqaviləyə xx.xx.2015-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə və xx.xx.2017-ci il tarixdə Əlavə sazişlərlə dəyişikliklər edilmiş, hər dəfə həmin sazişlərdə və əlavə sazişlərlə bağlı tərtib edilmiş ödəniş cədvəllərində kreditin qalıq məbləğinin və ödənişin ABŞ dolları valyutasında olması göstərilmişdir. Nəhayət müqavilə tərəfləri arasında bağlanmış sonuncu xx.xx.2017-ci il tarixdə Əlavə sazişin 2.1-ci bəndində göstərilir ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1123.85 ABŞ dolları əsas borc, 30.64 ABŞ dolları faiz borcu və 44.43 ABŞ dolları cərimə məbləği ilə birlikdə, cəmi 1198.92 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə (1 ABŞ dolları=1.5 AZN) 1798.38 manat təşkil edir. Məhkəmə cavabdehin müqavilənin aldatma nəticəsində bağlanılması barədə mövqeyinə münasibətdə bildirir ki, qeyd olunan xüsusatlar onun tərəfindən sübuta yetirilməmişdir. Yuxarıda qeyd edilən əsaslar cavabdehin həmin mövqeyini təkzib edir. Cavabdehin mövqeyi ilə razılaşmaq o anlama gələr ki, heç bir sübut olmadığı təqdirdə müqavilə tərəfi müqavilənin aldatma nəticəsində bağlanmasını bildirər və bununla məsələ həllini taparaq, müqavilə etibarsız hesab edilər. Bu isə qəbul edilən deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh izahatında iddianı qəbul etmədiyini bildirməsi onun hüququdur. Əsl həqiqətdə isə cavabdeh iddianı qismən qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən imzalanmış və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddiaya etirazın nəticə hissəsində cavabdeh LPO İddiaçı ASC-yə iş üzrə ödənilmiş 52.92 manat dövlət rüsumu da daxil olmaqla 300 manatdan artıq pul ödənilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Borc məbləğlərinin dəqiq müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-ci il tarixli, 9/4826 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddətinin sonuna, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1722.90 ABŞ dolları, faiz borcu üzrə 1537.17 ABŞ dolları; xx.xx.2022-ci il tarixə 5 faiz borcu üzrə 238.81 ABŞ dolları borcu (texniki səhv nəticəsində borc ABŞ dolları ilə göstərilmişdir, əslində AZN-dir.) var. Cavabdeh tərəfindən təqdim edilmiş LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 06 iyun 2018-ci il tarixli, **********274 saylı məktubunda onun kredit müqaviləsi üzrə cəmi 1494.59 manat kredit borcunun mövcud olmasına münasibətdə məhkəmə bildirir ki, həmin hal işə baxılan zaman araşdırılmış və müəyyən edilmişdir ki, həmin dövrə cavabdehin cəmi 1494.59 manat kredit borcundan 1392.86 manatı əsas (əsas borcun 1392.86 manat olması barədə məlumat işdə olan cavabdehə ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli bildirişdə də göstərilmişdir.), digər hissəsi isə faiz və cərimə borcu olmuşdur. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il il tarixdə 67 manat məbləğində ödəniş etmişdir. Hazırda da cavadehdən əsas borc məbləği kimi 1392.86 manat tələb edilir. Nəzərə almaq lazımdır ki, cavabdeh illərlədir ki, borcundan ödəniş etməmiş, hazırda ondan tələb edilən borc məbləği onun tərəfindən məhkəməyə təqdim edilmiş LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 06 iyun 2018-ci il tarixli, **********274 saylı məktubunda göstərilmiş 1392.86 manat əsas borc və illərlədir ki, ödənilməyən borc ilə bağlı hesablanmış faiz və cərimə məbləğləridir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, problemli kreditlərin kompensasiyası üzrə Cavabdeh üçün 1631.24 manat kompensasiya hesablanmış, sonuncu etiraz ərizəsində onu aldığını etiraf etmiş, lakin o, həmin məbləği təyinatına uyğun şəkildə kredit ödənişinə yönəltməmiş, etirazında isə bunu bilməməsi ilə əlaqələndirmişdir. Cavabdehin qeyd edilən halı bilməməsi digər şəxsin ziyanına olmamalıdır. Cavabdehin iddaya etirazda göstərilmiş borcunun olmasını illərlə ona nə şifahi, nədə ki, yazılı şəkildə bildirilməməsi barədə mövqeyi onu kredit borcunu ödəmək vəzifəsindən azad etmir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu qismən yerinə yetirmişdir. Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin müddəti ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə, daha artıq məbləğ tələb edə bilər. Qanunun göstərilən tələbi işə baxılarkən araşdırılmış və iddiaçının nümayəndəsinin bildirməsi əsasında (Bankın elektron sistemdə olan göstəriciyə əsasən) müəyyən edilmişdir ki, müqavilə müddətinin sonuna, yəni 9 fevral 2020-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə faiz borcu 556.87 manat, cərimə borcu 424.57 olmuşdur. Qeyd edilən səbəbdən məhkəmə ekspert rəyində müqavilə müddətinin sonuna borcun faiz borcu üzrə 1537.17 ABŞ dolları (əslində AZN-dir) olmasını qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 42 manat məbləğində saxlanılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, kredit müqavilə üzrə qalıq qalmış kredit məbləği əsas borc üzrə 1392.86 manat, faiz borcu üzrə 556.87, cərimə borcu üzrə 42 manat, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 191.71 manat, cəmi 2183.44 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 59.92 manat ödənilmiş dövlət rüsumunun 41.83 manatı cavabdehə, 18.09 manatı isə iddiaçının özünə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 1392.86 manat əsas, 556.87 manat faiz, 42 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 191.71 manat, cəmi 2183.44 manat pul tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 59.92 manat pul vəsaitinin 41.83 manatı Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Quliyev