Məhkəmə qərarları › İş №e-2(050)-617/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-617/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-617/2023 15.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» MMQBKT-in (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməmməd oğluna (bundan sonra-cavabdehlər) qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» MMQBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməmməd oğluna qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməmməd oğlundan müştərək qaydada əsas borc üzrə 6935.74 manat, faiz borcuna görə 72.05 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 7007.79 manat məbləğində borcun və 90.08 manat məbləğində ödənilmiş dövlət rüsumunun «Finca Azerbaijan» MMQBKT-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, təşkilat ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0980 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 6935.74 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh2 Ağaməmməd oğlu ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin cavabdehlər müqavilə üzrə nəzərdə tutulmuş qrafikə uyğun ödənişləri etməkdən yayınmışlar. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar öhdəliklərinin icra edilməsindən yayınmışlar. Odur ki, qeyd olunan borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. İddiaçı «Finca Azerbaijan» MMQBKT-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməmməd oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı təşkilat ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0980 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında" Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 6935.74 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan Bankla Cavabdeh2 Ağaməmməd oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, **********0980 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «Finca Azerbaijan» MMQBKT tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 6935.74 manat, faiz borcuna görə 72.05 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 7007.79 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin teleqramını nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər borclu Cavabdeh2 Ağaməmməd oğluna münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməmməd oğlundan müştərək qaydada əsas borc üzrə 6935.74 manat və faiz borcuna görə 72.05 manat olmaqla, cəmi 7007.79 manat məbləğində pul vəsaiti və 90.08 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq «Finca Azerbaijan» MMQBKTnə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaməmməd oğlundan müştərək qaydada əsas borca görə 6935.74 manat və faiz borcuna görə 72.05 manat olmaqla, cəmi 7007.79 manat məbləğində pul vəsaiti və 90.08 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar