Məhkəmə qərarları › İş №e-2(050)-623/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-623/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-623/2023 05.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 3184.16 manat məbləğində əsas borcun, 370.57 manat məbləğində faiz borcunun, 2147.91 manat məbləğində cərimə borcunun, cəmi 5702.64 manat borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən 33 ay müddətinə, illik 24 faiz dərəcəsi olmaqla Cavabdeh1 21000 manat məbləğində kredit verilmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh2 ilə iddiaçı arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin cavabdehlər müqavilə üzrə nəzərdə tutulmuş qrafikə uyğun ödənişləri etməkdən yayınmışlar. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar öhdəliklərinin icra edilməsindən yayınmışlar. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında hazırki iddianı əsassız hesab edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2020-ci il tarixli, MK/71396/73/15 nömrəli Kredit Sazişindən görünür ki, Bank tərəfindən borcluya illik 24 faiz dərəcəsi olmaqla 28 ay müddətinə 21000 manat məbləğində Nağd pul kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilə ilə digər borclu Cavabdeh2 borclu Cavabdeh1 məsuliyyəti üzrə zaminlik şərtləri ilə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli Razılaşmadan görünür ki, kreditin müddəti 19 fevral 2022-ci il tarixədək, 23 sentyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən 04 fevral 2020-ci il tarixli, MK/71396/73/15 nömrəli kreditin müddəti 04 iyun 2022-ci il tarixədək uzadılmışdır. Həmçinin həmin müqavilə ilə digər borclu Cavabdeh2 borclu Cavabdeh1 məsuliyyəti üzrə zaminlik şərtləri ilə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 04 fevral 2020-ci il tarixli, MK/71396/73/15 nömrəli kredit müqaviləsi üzrə 3184.16 manat əsas, 370.57 manat faiz və 2147.91 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5702.64 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 9/1938 saylı ekspert rəyindən görünür ki, 04 fevral 2020-ci il tarixli, MK/71396/15 saylı kredit müqaviləsinin şərtləri nəzə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə (kredit müqaviləsinin bitmə tarixinə) İddiaçı ASC-yə olan borcu 5131.42 manat əsas, 13.68 manat faiz borcu məbləğindədir. Həmçinin, 04 fevral 2020-ci il tarixli, MK/71396/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixinə) İddiaçı ASCyə olan borcu 2776.96 manat əsas, 322.13 manat faiz borcu məbləğindədir. Həmçinin, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 fevral 2020-ci il tarixli MK/71396/73/15 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə de hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5642/2023 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04 fevral 2020-ci il tarixli MK/71396/73/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 24 may 2022-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 04 iyun 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 5131.42 manat əsas, 13.68 manat faiz borcu, 23 yanvar 2023-cü il tarixə (maliyyə arayışı tarixə) 2708.57 manat əsas, 13.68 manat faiz borcu, 99.42 manat faiz borcu (5 %-lə) məbləğindədir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, 04 fevral 2020-ci il tarixli MK/71396/73/15 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. Məhkəmə Cavabdeh1 izahatını, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara ekspert rəylərinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 3-16- 16/2-9/5642/2023 saylı ekspert rəyində cavabdehlərin əsas borcu 2708.57 manat və faiz borcu 13.68 manat olması müəyyən olunmuşdur. Odur ki, məhkəmə 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5642/2023 saylı ekspert rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər borclu Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 300 manat məbləğində saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2708.57 manat əsas, 13.68 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 3022.25 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın qismən, yəni 3022.25 manat məbləğində təmin edilməsi nəzərə alınmalı və ödənilmiş dövlət rüsumunun 51 (əlli bir) manatı cavabdehlərə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir, 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100+100 manat olmaqla, cəmi 200 manat müəyyən edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2708.57 manat əsas, 13.68 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 3022.25 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 51 (əlli bir) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin və dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində cəmi 200 manat alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT-CTREAZ22) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar