Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-671/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6085 manat 36 qəpik məbləğində əsas borcun, ödənilmiş 31 manat dövlət rüsumunun və ödənilmiş 55 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli 214 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 273 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Oba-Xırdalan 14 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya (malların sayımı) nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, müvafiq tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği cəmi 7528 manat 25 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş və ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh yekun olaraq qalıq borcu 6085 manat 36 qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 15 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 7528.25 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 6085.36 manat borc qalmışdır. Beləliklə Cavabdeh 15 fevral 2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 6085.36 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə OBA-Xırdalan 14 (1182) filialında aparılmış inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, sözügedən akt müəssisənin Satış departamentinin müdiri, Daxili Nəzarət departamentinin müdiri, İnventarizasiya şöbəsinin müdiri və İnventarizasiya şöbəsinin araşdırma mütəxəssisi tərəfindən imzalanmış, lakin Maddi məsul şəxs Cavabdeh tərəfindən imzalanmamışdır. xx.xx.2022-ci il tarixli “İmtina aktından” görünür ki, İddiaçı MMC OBA-Xırdalan 14 (1182) mağazasında keçirilmiş inventarizasiyanın nəticəsinə dair tərtib edilmiş sənədlərlə maddi məsul şəxs Cavabdeh heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (7528.25 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixli, 123 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış şöbəsinə xx.xx.2020-ci il tarixdən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqaviləsi”ndən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən İddiaçı MMCdə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, onunla 1 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, 214 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış şöbəsinə xx.xx.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Tam maddi məsuliyyət haqqında müqaviləndən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 273 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış şöbəsinin Baş satıcısının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmiş, son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsində qeyd edilir ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsində qeyd edilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçinin tam maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 200-ci maddəsində qeyd edilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Beləliklə məhkəmə iclasında maddi məsul şəxs Cavabdehnın İddiaçı MMC-nin OBA- Xırdalan 14 (1182) mağazasında administrator kimi işlədiyi dövrlər ərzində orada aparılmış inventarizasiya yoxlamaları nəticəsində ümumilikdə 6085.36 (altı min səksən beş, otuz altı) manat məbləğində kəsirinin olması, həmçinin qeyd edilən yoxlamanın (sayımların) cavabdehin şəxsən iştirakı ilə keçirilmiş olması müəyyən olunmuşdur. Belə olan halda cavabdehin yekun inventarizasiya nəticələrinə dair aktı imzalamaqdan imtina etməsi onun maddi məsul şəxs kimi məsuliyyətini aradan qaldırmır. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 17 (on yeddi) manat cavabdehdən tutularaq iddiaçı təşkilata verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 6085.36 (altı min səksən beş, otuz altı) manat pul, mediasiya xərci üçün ödənilmiş 55 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-671/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-671/2024
25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver