Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-77/2025 16.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5556 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 16 manat pulun cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İddiaçının dəlilləri İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023cü il tarixli 109x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin OBA Masallı 2 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində aparılmış İnventarizasiyalar (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3464 manat 40 qəpik və 2412 manat 15 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5556 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Etirazın dəlilləri Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən ərizədə göstərilən tələblərlə razı deyil. Ona görə ki, "xxxx" MMC-yə ərizədə qeyd olunduğu məbləğdə borcu yoxdur. İddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçıya heç bir ziyan vurmamışdır. İddiaçıya heç bir borcu yoxdur. Əgər onun iddiaçıya hər hansı bir məbləğdə ziyan vurduğu sübut olunmuş olsa da belə o zaman iddiaçının həmin ziyanı tələb etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, iddiaçının əmək münasibətləri ilə bağlı dəymiz ziyanı tələb etmək müddəti bir ildir. Əgər iş materiallarına nəzər salınarsa görünər ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə İnventarizasiya aparılmış və ziyanın vurulduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixdə o, işdən azad olunmuşdur. İddiaçıın iddia müddətinin axımıda həmin xx.xx.2023-cü il tarixdən başlamışdır. İddaçı isə iddia ərizəsi ilə 2024-cü ilin avqust ayının 22-də Masallı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Buda onu göstərir ki, borcun bəlli olduğu vaxtdan 1 ildən artıq müddət ötmüşdür. Qanunvericiliyə əsasən dəymiz ziyanı tələb etməklə bağlı iddia müddəti 1 ildir. Belə olduğu halda iddiaçı iddia müddətinin axınını pozmuşdur. 1 illik iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən dəymiz ziyanı tələb etməklə bağlı iddia müddəti keçmişdir. Bu səbəbdən də hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Odur ki, bir illik iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan: Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən və X1 haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə əmək müqaviləsi bağlanmış və o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə onunla “X1” haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci tarixli 177 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli 109x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Masallı 2” mağazada 3464.40 manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Masallı 2” mağazada 2412.15 qəpik manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli imtina aktına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli İnvertarizasiya aktını imza etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli imtina aktına əsasən Cavabdeh, xx.xx.2023-cü il tarixli İnvertarizasiya aktını imza etməkdən imtina etmişdir. Maliyyə arayışından məlum olur ki, Cavabdeh adına 5556 manat ziyan hesablanmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Kommersiya qurumunun Dövlət Resyestr çıxarışından məlum olur ki, «Oba Market” MMC 17 iyun 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizasının 30 iyun 2025-ci il tarixli 9/9864 saylı ekspert rəyindən görünür ki, “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt” malların inventarizasiyası qaydalarının tələblərinə uyğun olmadığından, eləcə də mühasibatlıq sənədləri tam şəkildə olmadığından hazirki tədqiqatla Cavabdeh İddiaçı MMC-yə olan çatışmazlığının olub-olmamasını müəyyən etmək mümkün olmadı. Əsaslandırma hissəsi: İşin faktiki halları müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 109x saylı əmrlə işdən azad edilmişdir. İddiaçı irəli sürdüyü tələbində göstərmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə İddiaçı MMC-nin Masallı 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği 5556 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından da məlum olur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5556 manat borcu qalmaqdadır. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində göstərmişdir ki, onun tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə onun marketə ziyan vurması aşkar edilmiş, xx.xx.2023-cü il tarixdə işdən azad olunmasına baxmayaraq ona qarşı bir il üç aydan sonra ziyan tələbi barədə iddia qaldırılmışdır. Əmək məcəlləsinə əsasən əmək münasibətləri prosessində əmək müqaviləsi üzrə işəgötürən və öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyəti ziyanın vurulduğu aşkar edildiyi andan başlayır. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən işəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulması aşkar edildiyi gündən 1 (bir) il müddətinə müraciət edə bilər. İddia ərizəsindən göründüyü kimi İddiaçı sonuncu dəfə ziyan vurulma faktını xx.xx.2023-cü il tarixdə aşkar etmiş, 1 (bir) ildən artıq müddət keçdikdən sonra, yəni 22 avqust 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin etirazlarını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verməklə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən işəgötürən bu məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarıda qeyd etmişdir ki, fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə hesabında 5556 manat çatışmazlıq müəyyən edilmişdir. Lakin, iddiaçı işəgötürənə vurulmuş ziyanın ödənilməsinin tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin etirazı və iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin ötürülməsi nəzərə alınmalı və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia rədd edildiyindən mediasiya xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı 5556 (beş min beş yüz əlli altı) manat maddi ziyan tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat və 16 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-77/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-77/2025
16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver