Məhkəmə qərarları › İş №e-2(050)-853/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-853/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-853/2025 29.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh övladları xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(050)-1670/2017 saylı qətnaməsi ilə kəsilmiş cavabdehin qazancının ¼ hissəsinə əlavə olaraq 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarından bir övladları olmuşdur. Övladı xx.xx.2016-cı il təvəllüdlü X3r. Münasibətləri pozulduğundan xx.xx.2017-ci il tarixdə Masallı Rayon məhkəməsinin 2(050)-1670/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş və onlar ayrılmışlar. Qətnaməyə əsasən övladları onun himayəsində saxlanılmış və uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ hissəsi aliment onun xeyrinə tutulmuşdur. 2017-ci ilin sonlarında cavabdehlə münasibətləri yenidən bərpa edərək barışmışlar. Barışdıqdan sonra cavabdehlə Masallı şəhəri, H.Aslanov küçəsində özlərinə ev inşa edərək orada yaşamağa başlamışlar. 2017-ci ildən 2024-cü ilin aprel ayının 30-na kimi öz evlərində ailə kimi yaşamışlar. Həmin dövrdə cavabdehin əmək haqqından aliment pulu tutulsada, pulu cavabdehə vermişdir. Yəni pulu cavabdeh götürmüşdür. 2024-cü ilin aprel ayından cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları dövrdə cavabdeh ona aylıq qazancından ¼ hissəsi olan 148 manat aliment pulunu ödəmişdir. Kəsilmiş aliment pulu ilə uşağını saxlaya bilmir. Hazırda o, uşağı ilə birlikdə Abşeron rayonunda yaşayır. Abşeron rayonuna məcburiyyət qarşısında qalaraq köçmüşdür. O, Masallı rayonu Gəyəçöl kənd tam orta məktəbinin direktoru işləmişdir. Cavabdehlə münasibətləri pozulduqdan sonra onun işinə süni maneələr yaradırdı, ondan əsassız şikayətlər edirdi, həmçinin ondan şikayətə nazirin belə qəbuluna yazılmışdı. Yəni cavabdehin qanunsuz əməllərindən bezərək iş və yaşayış yerini dəyişdirmişdir. Özü müəllimə işləyərək, uşağının təminatlarını tam şəkildə qarşılaya bilmir. Cavabdeh günün birinci yarsını müəllim işləyir, ikinci yarsını, şənbə və bazar günlərini isə Masallı rayonunda yerləşən “Köhnə Bazar” adlanan ərazidə ticarətlə məşğul olaraq yüksək gəlir əldə edir. Həmçinin evində özünə məxsus təbii güllərin istehsal edilməsi üçün parnikləri vardır. Həmin parniklərdə yetişdirdiyi gülləri Azərbaycanın müxtəlif rayonlarına topdan satışı ilə məşğuldur. Yəni məşğul olduğu biznesdən yüksək gəlir əldə edə bilir. Dəfələrlə cavabdehdən alimentdən əlavə uşağına maddi yardım etməsini bildirsə də heç bir nəticəsi olmamışdır. Hazırda uşağın bir aylıq maddi təlabatı 600 manatdan artıq təşkil edir. Uşağın aylıq xərclərinə aşağıdakılar aiddir: cavabdehin onun səbəbsiz davalarından uşaq psixoloji travma almış, onu həftədə iki seans olmaqla, ayda 8 seanslıq psixoloqa aparır. Aylıq ödənişi 240 manat edir. Uşağın nitqində problem olduğundan onu loqopedə aparır. Ayda 8 seans olmaqla 240 manatda ona ödəyir. Dərslərini mükəmməl oxuması üçün hazırlıq kursuna qoymuş və ayda 70 manat ora ödəyir. Bir də ingilis dili kursuna qoymuş və ayda 50 manat ödəyir. Bütün bu xərcləri təkbaşına qarşılayır. Cavabdeh mediasiya sessiyasına gəlmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı övladı ilə Bakı şəhərində yaşayır və onu daha konfortlu yaşatmaq istəyir. Cavabdeh yüksək gəlir əldə edir, lakin alimentdə köməklik etmək istəmir. İddiaçı 6 ay olar ki, Bakı şəhərində işləyir və 970 manat əmək haqqı alır. Kirayə evdə qalır. Uşağa hər ay 700 manat pul xərclənir. Cavabdeh ən azı 900 manat əmək haqqı alır və Masallı rayonunda yerləşən “Köhnə Bazar” adlanan ərazidə ticarətlə məşğul olaraq yüksək gəlir əldə edir. Ali Məhkəmənin plenum qərarı məhkəmələr üçün mütləq deyil, tövsiyyə xarakterlidir. Məhkəmə plenum qərarını nəzərə almayıb və alimenti artıra bilər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfin bildirdikləri həqiqəti əks etdirmir. Uşağı saxlamaq hər iki valideynin borcudur. Lakin iddiaçı tərəf elə mövqedən çıxış edir ki, sanki cavabdeh uşağın bütün ehtiyaclarını ödəməli, iddiaçının isə heç bir rolu yoxdur. İddiaçı 1000 manata yaxın əmək haqql alır, cavabdeh isə 700 manat əmək haqqı alır. Müəllimlikdən başqa gəlir gətirən fəaliyyətlə məşğul deyil və hazırda atasının evində yaşayır. Masallı rayonunda yerləşən “Köhnə Bazar” adlanan ərazidə ticarətlə məşğul olması ilə bağlı heç bir sübut yoxdur, onun VÖEN-i belə yoxdur. Təmsil etdiyi şəxs hazırda qanunamüvafiq aliment ödəyir. Ali Məhkəmənin plenum qərarına əsasən iddiaçı alimentin məbləğini indeksləşdirə bilər. Uşağın müalicəsinə gəldikdə isə o, müalicələrini dövlət xəstəxanalarında ala bilər. İddiaçı Bakı şəhərində kirayədə qalmır. O, Abşeron rayonu, Saray qəsəbəsində qalır və orada ev alarkən cavabdeh ona köməklik etmişdir. İddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: Elektron çıxarışdan görünür ki, 21 yanvar 2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(050)-1670/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Masallı rayon qeydiyyat şöbəsində qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 anası İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulması 27 iyul 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron çıxarışdan görünür ki, İddiaçı ümumi təhsil məktəbdə müəllim işləyərək 969.97 manat əmək haqqı alır. Elektron çıxarışdan görünür ki, Cavabdeh ümumi təhsil məktəbdə müəllim işləyərək 974.56 manat əmək haqqı alır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət agentliyi Lnkəran-Astara Regional Təhsil idarəsinin 17 fevral 2025-ci il tarixli, 65 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən Masallı rayonu Ə.İsmayılov adına Yeyənkənd kənd tam orta ümumi təhsil məktəbində fiziki-tərbiyə müəllimi işləyir. Onun adına hesablanmış əmək haqqından hər ay 200 manat aliment tutulur. İddiaçının nümayəndəsinin təqdim etdiyi elektron qəbzdən görünür ki, “İlyas Q*****”ya 300 manat, 430 manat, “Kamal M*****”-ə 40 manat, 40 manat, “İlqar P****-ya 65 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilir ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Həmin qərarda həmçinin göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı qərarı ilə əlavə edilmiş 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(050)-1670/2017 saylı qətnaməsi ilə tərəflərin övladı olan xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin qazancının ¼ hissəsinə əlavə olaraq 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsini tələb edir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçı tələbini cavabdeh tərəfin gəlirinin və övladının tələbatlarının artması ilə əlaqələndirir. Beləliklə iddia tələbi Ailə Məcəlləsinin 112-ci maddəsi ilə əsaslandığından, hazırki tələbə iddia icraatı qaydasında baxılmalıdır. Ailə Məcəlləsinin tələbinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. Həmçinin, alimentin məbləğinin dəyişilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmalıdır. Hazırda iddiaçı alimentin artırılmasını tələb etsə də, Cavabdeh maddi vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan elektron qəbzlərə münasibətdə məhkəmə bildirir ki, həmin pul vəsaitləri kim tərəfindən, kimə və hansı məqsədlə göndərilməsi ilə bağlı iddiaçı mahkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı öz ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının oğlunun mülaicəsi ilə bağlı əlavə xərclərin olması barədə mövqeyinə münasibətdə isə bildirir ki, həmin hal aliment məbləğinin artırılmasının hüquqi əsası kimi çıxış edə bilməz. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iddiaçıya izah edir ki, o, həmin məsələ ilə bağlı hüququnun pozulmasını zənn edərsə, əlavə xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması üçün əsaslar olmadığından iddia təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar