Məhkəmə qərarları › İş №e-2(050)-93/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-93/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-93/2024 06.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC 17665.66 manat əsas, 10638.69 manat faiz, 10727.97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2614.15 manat faiz borcu və iş üzrə ödənilmiş 214.94 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 19120 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 280011484/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) manata konvertasiya edilməklə (1 USD = 1.845 AZN) 24322.38 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 41646.47 Manat təşkil edir. Bundan 17665.66 Manat əsas, 10638.69 Manat faiz, 10727.97 Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 2614.15 Manat faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, bankla arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminə qarşı yönələ biləcək tələb barədə iddia müddəti ötdüyündən zamin qismində iş üzrə iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən bank ona illik 20% dərəcəsi ilə 36 ay müddətinə 19120 ABŞ Dolları məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 280011484/ZM nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh3 və Cavabdeh2, borcalan qismində Cavabdeh1 ilə birgə iddiaçı bank qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) manata konvertasiya edilməklə (1 USD = 1.845 AZN) 24322.38 AZN təşkil etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə 17665,66 AZN əsas, 10638,69 AZN faiz, 10727,97 manat cərimə, 2614,15 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 41646,47 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC borclu Cavabdeh1 və zaminlər Cavabdeh3 və Cavabdeh2 banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödənilməsinin tələb edilməsi barədə məlumat verilmişdir. 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/9607/2023 saylı ekspert rəyndən görünür ki, Cavabdeh1 09 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin və 11 yanvar 2017-ci il tarixi əlavə sazişin şərtləri nəzərə alınmaqla, kredit müqavilsi dövründə illik 20 faizlə Cavabdeh1 11 sentyabr 2020-ci il tarixə banka olan əsas borcu 17641,5 manat, faiz borcu 4114,65 manat, 14 avqust 2023-cü il tarixə illik 5 faiz hesablanan 2580,07 manat borc müəyyən edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 214,94 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 19120 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı, Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD = 1.845 AZN) 24322.38 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dələlərlə şifahi o cümlədən yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. İmzalanmış zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən faizlərin, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirlərilə birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 4.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, xx.xx.2020-ci il tarixədək ödənişi tam həcmdə həyata keçirməlidir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər Cavabdeh3 və Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısa da, iddiaçı zaminə qarşı xx.xx.2021ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını-yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair müvafiq kredit müqaviləsi öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə ekspert rəyini əsas götürərək, iddianı əsas, faiz və əldən çıxmış faiz borcu hissədində isə qismən, yəni ekspert rəyində göstırilmiş məbləğdə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 tutumalı olan dəbbə məbləği 10727,97 manatdan 1000 manata qədər azaldılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə əsas borca görə 17641,50 manat, faiz borcuna görə 4114,65 manat, cərimə borcuna görə 1000 manat, illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün faiz borcuna görə 2580,07 manat, cəmi 25336,22 manat və ödənilmiş 214,94 manat ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borca görə 17641,50 manat, faiz borcuna görə 4114,65 manat, cərimə borcuna görə 1000 manat, illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün faiz borcuna görə 2580,07 manat, cəmi 25336,22 manat və ödənilmiş 214,94 manat ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar