Məhkəmə qərarları › İş №e-2(050)-955/2023

Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(050)-955/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-955/2023 28.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11329.96 manat məbləğində sığorta ödənişinin, 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat məbləğində bank xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 30 iyul 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “X5” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 18 aprel 2022-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Renault Megane” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar 14875 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edilir ki, sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Renault Megane” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətində sığortalanmışdır. Bu səbəbdən həmin şirkətə sığorta tələbi verilmiş və sığorta şirkəti tərəfindən proporsional qaydada (hadisədə 2 avtomobilə zərər dəymişdir) 3545.04 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 11329.96 manat təşkil edir. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2, 21, 1096 və 1097-ci maddələrinə istinad edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına razılığını yazılı formada bildirdiyindən, məhkəmə həmin Məcəllənin 238.4 və 238.5-ci maddələrinə əsaslanaraq işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxartmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AS-F-211/21 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, “X5” markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. X2 Mərkəzi tərəfindən verilmiş qüsur aktından görünür ki, hadisə nəticəsində “X5” markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobilə 14975 manat məbləğində zərər dəymişdir. A-AS-117/22 nömrəli sığorta aktından görünür ki, “X5” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 18 aprel 2022-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Renault Megane” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Avtomobilin zədələnməsi ilə əlaqədar sığorta ödənişi 14875 manat (100 manat şərtsiz azadolma) təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığndan görünür ki, "xxxx" ASC tərəfindən 14875 manat pul sığortalı X1 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İşin araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh təqsirli hərərkəti nəticəsində 18 aprel 2022-ci il tarixdə “Renault Megane” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “X5” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində zərər yetirmişdir. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə 14875 manat məbləğində sığorta ödənişi (3545.04 manat birinci avtomobilə görə digər şığortaçı tərəfindən ödənilmişdir.) etmiş və hazırda həmin 11329.96 pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 124.40 (0.40 bank xidmət haqqı ilə birlikdə) manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11329.96 manat sığorta ödənişi, 124 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar