Məhkəmə qərarları › İş №e-2(050)-958/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-958/2024

03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-958/2024 03.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Ağabla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2188.57 manat maddi zərər məbləğinin 41.89 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 0.40 qəpik, ümumilikdə 2230.86 manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində **-PF-*** DQN-li “DAEWOO GENTRA MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Baş DYPİ-nin MEB-nın YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Baş DYPİ-nin MEB-nın YPX-nin Baş inspektoru Polis X1 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 3 (üç) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 11000 saylı Zərər Aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusa 2188.57 manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-PF-*** dövlət qeydiyyat nişanlı “DAEWOO GENTRA MİNİK” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 2188.57 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli zərər aktından görünür ki, **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobilə dəymiş zərərin ümumi miqdarı 2188.57 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixində idarə etdiyi **-PF-*** DQN-lı “DAEWOO GENTRA MİNİK” markalı avtomobillə hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda İddiaçı MMC ona dəymiş olan 2188.57 manat pulu cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2188.57 manat maddi zərər məbləği, 41.89 manat dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 0.40 qəpik olmaqla, ümumilikdə 2230.86 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2188.57 manat maddi zərər məbləği, 41.89 manat dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 0.40 qəpik olmaqla, ümumilikdə 2230.86 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı təşkilat tərəfindən ödənilmiş dövlət rüsumu təşkilatın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynaıl Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar