Məhkəmə qərarları › İş №e-2(050)-97/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-97/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-97/2023 17.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" şirkəti ASC-nin nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1350 manat məbləğində sığorta ödənişinin və 33,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 17 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 06 dekabr 2021-ci il tarixdə Masallı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Mercedes Benz 208D” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Masallı Rayon Polis Şöbəsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 1350 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərəçəkənin avtomobilinin yol-nəqliyyat hasisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişi alan şəxsfaydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli PGU ********** nömrəli İcbari Sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “VAZ-21099” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi sığortalanmışdır. xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, dəymiş ziyana görə "xxxx" ASC tərəfindən “Mercedes Benz 208D” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 hesabına 1350 (bir min üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli zərər aktından görünür ki, “Mercedes Benz 208D” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1350 manat müəyyən edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X2 əməlində Azərbaycan Respublikasının CM-nin 263.1 və 263-1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 və X2 barəsində Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnməş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxslərin üzərinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, iddia tam əsaslıdır. Belə ki, o, təqsirli, hüquqa zidd əməli ilə “Mercedes Benz 208D” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, zərər iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş, ödənişi vermiş sığortaçının isə haqlı olaraq subroqasiya hüququ yaranmışdır. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 münasibətdə də əsaslı olması qənaətinə gələrək qeyd edir ki, o, digər Cavabdeh1 “VAZ-21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslar olmadan idarə etmək üçün vermiş və həmin avtomobilin digər Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda Cavabdeh2 da dəymiş ziyan məbləği subroqasiya qaydasında tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3- cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1350 manat sığorta məbləği və 33,90 manat dövlət rüsumu, cəmi 1383 (bir min üç yüz səksən üç) manat 90 qəpik məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1350 manat sığorta məbləği və 33,90 manat dövlət rüsumu, cəmi 1383 (bir min üç yüz səksən üç) manat 90 qəpik məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar