Məhkəmə qərarları › İş №e-2(051)-100/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-100/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-100/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcunun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 206,44 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, n Cavabdeh xx.xx.2013-cü il tarixli **********410399001 saylı “Kompleks bank xidməti müqaviləsi“nə əsasən X3 debet kart təqdim edilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********410399001 saylı (valyuta USD) kart hesabı üzrə xx.xx.2017-cı il tarixdə aparılan əməliyyatlar nəticəsində 206.44 ABŞ dolları məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. Qeyd olunan fakt 2023-cü il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. xx.xx.2013-cü il tarixli **********410399001 saylı „Kompleks bank xidməti müqaviləsi“nin 3.3.6. bəndinə əsasən yaranmış „Texniki overdrafta“a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. Ona görə də görülmüş tədbirlər üzrə lazimi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2197/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə uyğun olaraq iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 2013-cü ildə İddiaçı ASC-dən kart əldə etmişdir. Həmin vaxt onun hesabından yəni kartından xarici saytlara pul vəsaiti köçürülmüşür. Sonra o, bununla bağlı banka bir neçə dəfə müraciət etsə də heç bir nəticəsi olmamışdır. 2018-ci il tarixindən o kartdan istifadəd etmir. Bundan əlavə hesab edir ki, müqavilə üzrə iddia müddəti də bank tərəfindən keçirilmişdir. Göründüyü kimi iddiaçı tərəf 2023-cü ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia ərizəsi, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqaviləsindən görünür ki, bank müştəriyə xx.xx.2013-cü il tarixdə X3 debet kart təqdim edilmişdir. İşdə olan İddiaçı ASC-yə aid xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan borcu 20xx.xx.2013-cü il tarixli müqavilə üzr 206,44 ABŞ dolları təşkil edir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2013-cü il tarixindən xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddiaçı təşkilatın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********410399001 saylı müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ASC Cavabdeh qarşı müqavilə üzrə borcun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar