Məhkəmə qərarları › İş №e-2(051)-1018/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1018/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1018/2025 07.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İddiaçı ASCin xeyrinə 8457,82 manat məbləğində əsas borc, 206,92 manat faiz borcu, 2,69 manat cərimə borcu olmaqla, cəmi 8667,43 manat məbləğində pulun və ödənilmiş 106,68 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 31010***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 468.49 manat olmaqla hər ayın 05-dək ödənilmək şərti ilə) 16500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixində cavabdehə verilmiş 16500 manat kreditin həmin günə qalıq 10235.91 manat əsas borcu restrukturizasiya edilmiş, illik faiz dərəcəsi 16% və kreditin son icra müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi iddiaçı ilə Cavabdeh2 arasında 31FİZAM170005004 saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 krediti və ondan istifadəyə görə faizləri hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan borcun məbləği əsas borc üzrə 8457,82 manat, faizlər üzrə 206,92 manat, cərimə üzrə 2,69 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehlərə poçt vasitəsi ilə pretenziya göndərilib. Lakin borc ödənilməyib. Odur ki, cavabdehlərdən İddiaçı ASC-in xeyrinə 8457,82 manat məbləğində əsas borc, 206,92 manat faiz borcu, 2,69 manat cərimə borcu olmaqla, cəmi 8667,43 manat məbləğində pulun və ödənilmiş 106,68 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı göstərdi ki, iddianı qismən qəbul edir. Belə ki, o vaxtlı-vaxtında ödəniş etmişdir, lakin təqaüdə çıxdıqdan sonra kredit ödənişlərini etmək üçün aldığı müavinət ona kifayət etməmişdir. İddiaçı təşkilata müraciət etsə də heç bir güzəştlər olunmamışdır və kredit məbləğini tam şəkildə ödəmədiyi üçün cərimələr və gecikmə faizləri hesablanmışdır. xx.xx.2025-ci il tarixdə 190 manat kredit borcundan ödəniş etmiş, bundan başqa, bank tərəfindən may ayında 409.68 manat, iyun ayında isə 409.68 manat pensiya kartından tutulmuşdur. Odur ki, izahatında göstərdiyi halları nəzərə alaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, kredit müqaviləsi bağlanarkən o iş yoldaşına zamin durmuşdur. Hazırda isə hər ikisi təqaüdə çıxmışdır və aldıqları müavinət ödəniş etməyə kifayət etmir. İddiaçı tərəf əlavə gecikmə faizi və cərimə hesablamışdır. Odur ki, izahatında göstərdiyi halları nəzərə alaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 və iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə həmin cavabdehin və iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 31010***-*******02L saylı əsas kredit limiti razılaşmasından görünür ki, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan 31010***-*******2R nömrəli xx.xx.2024-cü il tarixli restrukturizasiya razılaşmasından görünür ki, İddiaçı ASC xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə 16500 manat məbləğində kredit vermiş, bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə cavabdehin həmin kredit borcu üzrə 10235.91 manat məbləğdə əsas borcu və 0 manat məbləğdə faiz borcu mövcuddur. İşdə olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 31FİZAM170005004 saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli 31010***-*******02L saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 8457.82 manat əsas, 206.92 manat faiz, 2.69 manat cərimə olmaqla, cəmi 8667.43 manat təşkil edir. İşdə olan cavabdehlərə ünvanlanmış 3 fevral 2025-ci il tarixli Pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan borcu 3 gün müddətində ödəməli olduqları bildirilmiş, əks halda onlara qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişlər. İş materiallarına əlavə olunmuş qəbzlərdən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə 190 manat kredit borcundan ödəniş etmiş, bundan başqa, bank tərəfindən kredit borcu üzrə may ayında 409.68 manat, iyun ayında isə 409.68 manat pensiya kartından vəsait tutulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 31010***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 468.49 manat olmaqla hər ayın 05-dək ödənilmək şərti ilə) 16500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixində cavabdehə verilmiş 16500 manat kreditin həmin günə qalıq 10235.91 manat əsas borcu restrukturizasiya edilmiş, illik faiz dərəcəsi 16% və kreditin son icra müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi iddiaçı ilə Cavabdeh2 arasında 31FİZAM170005004 saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 krediti və ondan istifadəyə görə faizləri hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 31010***-*******02L saylı kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 468.49 manat olmaqla hər ayın 05-dək ödənilmək şərti ilə) 16500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixində cavabdehə verilmiş 16500 manat kreditin həmin günə qalıq 10235.91 manat əsas borcu restrukturizasiya edilmiş, illik faiz dərəcəsi 16% və kreditin son icra müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 krediti və ondan istifadəyə görə faizləri hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun məbləği iddia ərizəsində, həmçinin maliyyə arayışında 8457,82 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə Cavabdeh1 xx.xx.2025-ci il tarixdə 190 manat kredit borcundan ödəniş etmiş, bundan başqa, bank tərəfindən may ayında 409.68 manat, iyun ayında isə 409.68 manat pensiya kartından tutulmuşdur. Ümumilikdə 1009.36 manat əsas borcdan çıxılmalı və əsas borcun məbləği 7448.46 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 7448,46 manat məbləğində əsas borc, 206,92 manat faiz borcu, 2,69 manat cərimə borcu olmaqla, cəmi 7658,07 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun 96.59 manat məbləğində hissəsi alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7448,46 (yeddi min dörd yüz qırx səkkiz manat, qırx altı qəpik) manat məbləğində əsas borc, 206,92 (iki yüz altı manat, doxsan iki qəpik) manat faiz borcu, 2,69 (iki manat, altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7658,07 (yeddi min altı yüz əlli səkkiz manat, yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 96,59 (doxsan altı manat, əlli doqquz qəpik) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar