Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1026/2025 04.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5531,15 manat əsas, 1010,34 manat faiz, 163,4 manat cərimə olmaqla, cəmi 6704,89 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 87,45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək illik 26,50% ödəmək şərtilə 6700 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla bankın rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 17.11-ci bəndinə əsasən Müştəri“ kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx)%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər.Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin 5531,15 manat əsas, 1010,34 manat faiz, 163,4 manat cərimə olmaqla, cəmi 6704,89 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Nəticədə bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə yazılı izahat verərək xəstəliyi ilə əlaqədar krediti ödəyə bilmədiyini, hissə-hissə ödəməyə imkanının olduğunu bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar : 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertadan və xx.xx.2022-ci il tarixli 4959nkCNTRb/22 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə xx.xx.2022-ci il tarixdə xx.xx.2026-cı il tarixədək illik 26.50% ödəmək şərtilə 6700 manat məbləğində kredit xətti açmış, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüş, bu müqavilə bankın rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və cavabdehin müqaviləni imzalamaqla bütün şərtləri onun tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta çərçivəsində bağlanmışdır. xx.xx.2024-cü il tarixli bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Bildirişdə Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə olan borcu 5531,15 manat əsas, 557,46 manat faiz, 37 manat cərimə olmaqla, cəmi 6125,61 manat məbləğində təşkil edir. xx.xx.2025-ci maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə olan borcu 5531,15 manat əsas, 1010,34 manat faiz, 163,4 manat cərimə olmaqla, cəmi 6704,89 manat məbləğində təşkil edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 87,45 manat dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı : İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 4959nkCNTRb/22 saylı kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan X1 bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 407.1-ci maddəsinə görə müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.3-cü maddəsinə əsasən oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. 409.1 və 409.4-cü maddələrində göstərilmişdir ki, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 409.7–409.9-cu maddələrində göstərilmişdir ki, əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 01U/21 saylı ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan X1 bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı «X2» ASC xx.xx.2024-cü il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz, cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Cavabdeh Kredit müqaviləsinə əsasən 5531,15 manat əsas, 557,46 manat faiz, 37 manat cərimə olmaqla, cəmi 6125,61 manat borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə 4959nkCNTRb/22 saylı Kredit müqaviləsinə əsasən 5531,15 (beş min beş yüz otuz bir manat on beş qəpik) manat əsas, 557,46 (beş yüz əlli yeddi manat qırx altı qəpik) manat faiz, 37 (otuz yeddi manat) manat cərimə olmaqla, cəmi 6125,61 (altı min bir yüz iyirmi beş manat altmış bir qəpik) manat məbləğində pul və 87,45 (səksən yeddi manat qırx beş qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Güləndam Quliyeva