Məhkəmə qərarları › İş №e-2(051)-1039/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1039/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1039/2023 12.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi,vəkili Nümayəndə iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə nikahlarını 14 oktyabr 2017-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 22 iyun 2018-ci il təvəllüdlü Əli adlı bir nəfər uşaqları doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması, uşağın iddiaçının yanında qalması, Cavabdeh 22 iyun 2018-ci il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Aliment qət olunanda iddiaçının oğlu Əli bir yaşında idi. Hazırda Əlinin 5 yaşı vardır və məktəbə getməlidir. Bu müddət ərzində cavabdeh uşağa ödənilən alimentin miqdarını könüllü artırmağa razı olmamışdır. Cavabdeh Rusiya Federasiyasına qazanc məqsəlilə gedib gəlir, ancaq bir dəfə də olsun övladı ilə maraqlanmamışdır. Bu illər ərzində övladının bütün qayğısını iddiaçı tək çəkmişdir. Uşaq azyaşı olduğu üçün tez-tez xəstələnir, xəstə olduğu üçün onun müallicəyə, həkimə ehtiyacı var və iddiaçının aldığı aliment heç onun gündəlik təlabatlarını təmin etmir. Bütün bunları isə iddiaçı təmin etməyə çətinlik çəkir. Cavabdeh isə Rusiyada işləməklə özünə hər cürə şərait yaratmışdır. İddiaçı isə məcburi köçkün olmaqla heç bir yerdə işləmir. Belə ki, iddiaçının oğlu Əli azyaşlı olduğundan onu nəzarətsiz qoya bilmir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 22 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat məbləğdə alimentin Cavabdeh alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 147-ci madəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 iyun 2018-ci il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 18 dekabr 2019-cu ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1678/2019 №-li 04 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan 14 oktyabr 2017-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış 263 №-li nikah qeydinin pozulması və nikah pozulduqdan sonra 22 iyun 2018-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, Cavabdeh 22 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Əli adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 22 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub, İddiaçı verilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət deyil. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın yaşını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 40 (qırx) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 22 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 (bir yüz yetmiş) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar