Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1040/2024 20.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh alınan alimentin miqdarının artırılması, 07 noyabr 2007-ci il təvəllüdlü Xəyalın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 (iki yüz əlli ) manat sabit pul məbləğində alimentin, ödənimiş 60 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsi tam ödənilməmiş aliment məbləğindən yığılan 1000 manat borcun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Mən 2006-ci ilin may ayında evlənmişdim. Birgə ailə münasibətlərimizdən 07 noyabr 2007-ci ildə Xəyal adlı oğlumuz olmuşdur. Ailə münasibətlərimiz alınmadığından bizayrılmışıq. Nikahımız olmadığından cavabdeh atalığı könüllü qəbuletmişdir. O uşağına baxmaqdan imtina etdiyi üçün məhkəmənin 29 aprel 2008-ci il tarixli qətnaməsinə əsasən Xəyalın saxlanması üçün mənim xeyrinə ayda 40 manat olmaqla aliment qət edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(051)-2139/2014 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq 80 manat müəyyən edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 22.07. 2019-cu il tarixli, 2(051)-1666/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq 110 manat müəyyən edilmişdir. Hazırda həmin məbləğlə uşağa baxmaq mümkün deyildir. Cavabdehin Goranboy rayonunda pay torpaq sahəsi vardır. Alverlə məşğuldur. Dayısının adına şəxsi, gözəl şəraitli fərdi yaşayış evi tikdirərək orada yaşayır. Məni isə 1 körpə uşaqla evdən qovub çıxarmışdır. Artıq uzun müddətdir ki, uşağıma mən tək qayğı göstərirəm. Cavabdeh 110 manat təyin olunmuş alimentin 10 manatını da əksik verməklə uşağın heç bir qayğısı ilə maraqlanmır. Oğlum Xəyal 17 yaşındadır. Ona hər iki valideynin qayğısı tələb olunur. Mən onun həm mənəvi qayğısını çəkirəm, həm digər ehtiyaclarını ödəməyə çalışıram. Cavabdehin ödədiyi məbləğlə heç məktəb paltarını almaq mümkün deyildir. Uşağın həm tərbiyəsi, həm də yaşayışı mənim üzərimdədir. Onun gündəlik 4-5 manat arasında uşaq istəklərini təmin etməyə vəsait tələb olunur. Geyimi, yeməyi, gəzməyini nəzərə alanda həmin vəsait 400-500 manat pul edir. Göstərirəm ki, respublikada uşaqlar üçün yaşayış minimumunun müəyyən edilməsi uşağımın ondan artıq yaşayış səviyyəsi ilə təmin edilməsini qadağan etmir. Cavabdehin gəlirləri imkan verir ki, o 80 manatdan da artıq aliment ödəsin. Goranboy rayon İcra və Probasiya Şöbəsinə ödənilməmiş qalan aliment borcunun hesablanması ilə bağlı müraciət etsə də, heç bir cavab ala bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh alınan alimentin miqdarının artırılması, 07 noyabr 2007-ci il təvəllüdlü Xəyalın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 (iki yüz əlli ) manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı vaxtında ödəyir. Lakin aliment məbləğinin yenidən artırılmasını qəbul etmir. O, hazırda heç bir yerdə işləmir maddi vəziyyəti yaxşı deyildir. Ona görə də alimentin miqdarının arıtırılmasını istəmir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 07 noyabr 2007-ci il təvəllüdlü X1 atası olması müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1666/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Xəyal adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq 110 manat müəyyən edilməsi və hər ay tutularaq iddiaçı İddiaçı Namaz qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müəliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1666/2019 saylı, 22 iyul 2019-cu il qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 07 noyabr 2007-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pul tutulub iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 noyabr 2007-ci il təvəllüdlü X2 adlı uşağı yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1666/2019 saylı 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində müəyyən edilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pul tutulub iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elza Cəbrayılzadə