Məhkəmə qərarları › İş №e-2(051)-1067/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1067/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1067/2023 10.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən əsas kredit borcu üzrə 3130 manat, faiz borcu üzrə 8138.95 manat, cərimə borcu üzrə 3193.93 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1532.95 manat faiz borcu olmaqla, cəmi 15995.83 manat pulun və 137.99 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 may 2012-ci il tarixli 205/1-i №li kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz olmaqla 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh iddiaçıya olan ödənilməmiş əsas borcu 3130 manat, faiz borcu 8138.95 manat, cərimə borcu üzrə 3193.93 manat, gecildirilmiş vaxt üçün hesablanan 1532.95 manat faiz borcu olmaqla, cəmi borcu 15995.83 (on beş min doqquz yüz doxsan beş manat səksən üç qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Ona görə də görülmüş tədbirlər üzrə lazimi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Hesab edir ki, Cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 15995.83 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə uyğun olaraq iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 2012-ci ildə 12 ay müddətinə 3700 manat məbləğində kredit götürmüşdür. Lakin tələb olunan kredit məbləğini o götürsə də, dostuna vermişdir. Ödənişləri dostu etməli idi. Hazırkı vaxta qədər də bank tərəfindən ona borclu olması ilə bağlı heç bir pretenziya irəli sürülməmişdir. Dostu isə hazırda ölkədə olmadığı üçün ödəniş edib-etməməsi barədə məlumat əldə edə bilməmişdir. Belə olan halda o, hesab etmişdir ki, onun baka olan borcu ödənilmişdir. Ona görə də heç bir hərəkət etməmişdir. Göründüyü kimi iddiaçı tərəf 2016-cı il tarixədək məhkəməyə müraciət etməli olduğu halda 2023-cü ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin iştirak etdiyi məhkəmə iclası zamanı izahatını, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia ərizəsi, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 may 2012-ci il tarixli 205/1-i saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə şəxsi istehlak məqsədləri üçün 12 ay müddətinə illik 28 faiz olmaqla 3700 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəmə qrafikinə əsasən borclu Cavabdeh götürdüyü kredit üzrə hər ay müxtəlif məbləğlərdə olmaqla, xx.xx.2012-xx.xx.2013-cü il ərzində kreditin əsas məbləği və onun faizləri ilə birlikdə cəmi 3700 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan LPO İddiaçı ASC-yə aid xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan əsas borcu 3130 manat, faiz borcu 8138.95 manat, cərimə borcu üzrə 3193.93 manat, gecikdirilmiş vaxt üçün hesablanan 1532.95 manat faiz borcu olmaqla, cəmi borcu 15995.83 manat təşkil edir. İşdə olan kassa əməliyyatlarının aparılması proseduralarına əlavədən görünür ki, İddiaçı ASC tərəfindən 3700 (üç min yeddi yüz) manat Cavabdeh verilmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2013-cü il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddiaçı təşkilatın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 may 2012-ci il tarixli 205/1-i saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar