Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1086/2023 04.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL-1/008 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 9200 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL-1/008 saylı “Kredit müqaviləsi”-nin təminatı qismində Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi ev 5 mənzil 3 saylı binanın 2-ci mərtəbəsində 66.16 kv.m. ümumi, 38.9 kv.m. əsas, 27.26 kv.m. köməkçi sahədən ibarət mənzili ipoteka qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə ipoteka qoyan Cavabdeh5 və borc alan Cavabdeh1 arasında 20 noyabr 2015-ci tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzil ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış verilmişdir. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka olan borcu 4251.19 manat əsas borc, 1218.31 manat faiz borcu, 2344.51 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 330.99 manat faiz borcu olmaqla, cəmi 8145 manat təşkil edir. Müəyyən edilmişdir ki, Cavabdeh5 vəfat etmişdir. Onun mirası vərəsə Cavabdeh2 tərəfindən qəbul edilmişdir. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 102 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun Cavabdeh1 alınaraq LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi ev 5 mənzil 3 saylı binanın 2-ci mərtəbəsində 66.16 kv.m. ümumi, 38.9 kv.m. əsas, 27.26 kv.m. köməkçi sahədən ibarət mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ipoteka predmeti olan mənzildən əşyaları ilə birlikdə 1 ay müddətində çıxarılması və yaşayış sahəsinin boşaldılaraq Ləğv Prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 9200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı qismində atası Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil ipoteka qoyulmuşdur. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Banka olan borcunu ödəyəcəkdir. Kredit borcun ipoteka predmetinə yönəldilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 9200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı qismində atası Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil ipoteka qoyulmuşdur. Atası vəfat etmiş, həmin mənzil xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hər birinə 1/2 pay olmaqla vərəsələri - Cavabdeh4 və onun adına rəsmiləşdirilmişdir. Qeyd olunan tarixdə miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 vərəsəlik payını ona bağışlamışdır. Banka olan borcu ödəyəcəkdir. Kredit borcun atasından miras qalmış mənzilə yönəldilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5ci madəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL-1/008 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 9200 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş 22 fevral 2012-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi ev 5 mənzil 3 saylı binanın 2-ci mərtəbəsində 66.16 kv.m. ümumi, 38.9 kv.m. yaşayış sahəsindən ibarət mənzili ipotekaya qoyulmuşdur. İpoteka qoyulmuş mənzil 32500 manat məbləğində qiymətləndirilmişdir. İşə mənzilin ipoteka qoyulması barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə ipoteka qoyan Cavabdeh5 və borc alan Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2015-ci tarixli sonrakı ipoteka müqaviləsi əlavə edilmişdir. İpoteka predmeti 32500 manat qiymətləndirilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 9108 manat kredit verilmişdir. Ödəyən kimi Cavabdeh1, alan kimi Cavabdeh4 göstərilmişdir. İşə əlavə edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh1 banka olan borcu 4251.19 manat əsas borc, 1218.31 manat faiz borcu, 2344.51 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 330.99 manat faiz borcu olmaqla, cəmi 8145 manat təşkil edir. İşdə olan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 5 №-li evin, 3 №-li mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh5 adına qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.2018ci ildə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Əmanətlərin Sığortalanması Fonduna göndərdiyi 04 fevral 2023-cü il tarixli 223 №-li məktubundan görünür ki, İddiaçı ASC-nin Mingəçevir filialının xeyrinə yüklü olan mərhum Cavabdeh5 oğluna məxsus olmuş ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisində 2V-118 və 2V-119 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hər birinə 1/2 pay olmaqla vərəsələri oğlu - Cavabdeh4 və oğlu - Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan tarixdə 3M-198 reyestr saylı miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 ona düşən vərəsəlik payını qardaşı - Cavabdeh2 bağışlamışdır. İşə 04 fevral 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsi əlavə edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhəri “Mobil MMC” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış evinin (mənzilin) bazar dəyərinin müəyyən edilməsi barədə rəydən görünür ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 5 №-li evin, 3 №-li mənzilinin orta bazar satış qiyməti 55000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İşə LPO İddiaçı ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.4-cü maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddələrinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir), bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsi, sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsi, bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsi qaydasında bölüşdürülür. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödədiyi 102 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat manat məbləğində pul iddiaçının xeyrinə Cavabdeh1 tutulmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı Cavabdeh1 2344.51 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə borcalanın maddi imkanlarını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 230 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 4251.19 manat əsas borc, 1218.31 manat faiz borcu, 230 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 330.99 manat faiz borcu olmaqla, cəmi 6030.49 manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 102 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat pul Cavabdeh1 alınaraq LPO İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 55000 (əlli beş min) manat qiymətləndirilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi ev 5 mənzil 3 saylı binanın 2-ci mərtəbəsində 66.16 kv.m. ümumi, 38.9 kv.m. əsas, 27.26 kv.m. köməkçi sahədən ibarət mənzilə yönəldilməli və həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulmalı, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ipoteka predmeti olan mənzildən əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılmalı və yaşayış sahəsi boşaldılmalıdır. Borcun ödənilməsindən sonra ipoteka predmeti olan əmlakın açıq hərracdan satılmasından qalan vəsait cavabdehlərə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh1 4251.19 (dörd min iki yüz əlli bir manat on doqquz qəpik) manat əsas borc, 1218.31 (bir min iki yüz on səkkiz manat otuz bir qəpik) manat faiz borcu, 230 (iki yüz otuz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 330.99 (üç yüz otuz manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 6030.49 (altı min otuz manat qırx doqquz qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 102 (bir yüz iki) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 55000 (əlli beş min) manat olan tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi ev 5 mənzil 3 saylı binanın 2-ci mərtəbəsində 66.16 kv.m. ümumi, 38.9 kv.m. əsas, 27.26 kv.m. köməkçi sahədən ibarət mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulsun. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mənzildən əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılsınlar. Borcun ödənilməsindən sonra mənzilin açıq hərracda satılmasından qalan pul cavabdehlərə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-1086/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1086/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver