Məhkəmə qərarları › İş №e-2(051)-1106/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1106/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1106/2025 12.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə 3272,31 manat əsas, 732,33 manat faiz və 290,12 manat cərimə olmaqla, cəmi 4294 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 62,95 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 015A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X3 aylıq faiz dərəcəsi 1.75% оlmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4727.69 manat ödəniş etmiş və оnun iddiaçıya 3272.31 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 691 gün üçün hesablanmış faiz borcu 732.33 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 691 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 290.12 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borcluX1 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X1 adına qeydiyyatdan keçmiş miras qalmış əmlaka xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73.37 kv/m, yaşayış sahəsi 46.16 kv/m, yardımçı sahəsi 27.21 kv/m olan 3 otaqlı 68 saylımənzildən ibarətdir. Həmçinin onu da bildiririk ki,Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə İddiaçı QSC məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsi ilə bağlı məhkəməyə heç bir üzrlü səbəb bildirməmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, 015A********** saylı ərizədən görünür ki, İddiaçı QSC ilə X3 arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən X2 30 ay müddətinə aylıq 1.75% olmaqla 8000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 015A********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 347 manat, sonuncu ay 329,65 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli kreditin köçürülməsi qəbzindən görünür ki, X1 hesabına 8000 manat məbləğində kredit köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə Cavabdeh göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixinə 3272,31 manat əsas, 732,33 manat faiz və 290,12 manat cərimə olmaqla, cəmi 4294,76 manat məbləğində borcun cavabdehə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2025-ci il tarixinə İddiaçı QSC-nə borcu 3272,31 manat əsas, 732,33 manat faiz və 290,12 manat cərimə olmaqla, cəmi 4294,76 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumata əsasən, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 44, 68 saylı mənzil xx.xx.2003-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir. xx.xx.2025-ci il tarixli Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məlumatdan görünür ki, 2V-293 №li vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan oğlu Cavabdehdur və ona miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-924 №li vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan oğlu Cavabdehdur və o miras əmlakdan tam pay almalıdır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 63,45 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: X3 xx.xx.2022-ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-dən 30 ay müddətinə aylıq 1.75% ödəmək şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. X4 xx.xx.2023-cü ildə ölmüşdür. Hazırda bank borcalanın vərəsəsi kimi oğlu Cavabdeh qaytarılmamış borcu tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307.Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı cəsmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Borcalan şəxs öldüyündən vərəsə miras əmlakı qəbul etdiyindən, mirasqoyanın borcunu ödəməyə borcludur. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2025-ci il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. X3 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh xx.xx.2022-ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan 3272,31 manat məbləğində əsas, 732,33 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 62,95 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 015A********** saylı müqavilə üzrə 3272,31 (üç min iki yüz yetmiş iki manat otuz bir qəpik) manat əsas, 732,33 (yeddi yüz otuz iki manat otuz üç qəpik) manat faiz və 30 (otuz) manat cərimə olmaqla, cəmi 4034,64 (dörd min otuz dörd manat altmış dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu 62,95 (altmış iki manat doxsan beş qəpik) manat pulu alınaraq İddiaçı QSC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar