Məhkəmə qərarları › İş №e-2(051)-1108/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1108/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1108/2022 22.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Abakarov Sadiq Oktay oğlunun iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Abakarov Sadiq Oktay oğluna qarşı kredit borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Abakarov Sadiq Oktay oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2014-cü il tarixli M-002-AZN saylı kredit müqaviləsi əsasında Cavabdeh1 illik 24% hesablamaq şərtilə 24 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı "xxxx" ilə digər cavabdeh Abakarov Sadiq Oktay oğlu arasında 11 fevral 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh krediti və kredit üzrə faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq krediti və kreditə hesablanmış faiz borcunu ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 hazırda 1580.25 manat əsas borc, 257.75 manat faiz borcu, cəmi 1838 manat kredit borcu vardır. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. İddianın təmin olunmasını, cəmi 1838 manat kredit borcun, ödənilmiş 38,38 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, krediti ödəməyə maddi imkanı yoxdur. Cavabdeh Abakarov Sadiq Oktay oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh1 götürdüyü kreditin təminatı olaraq onunla "xxxx" ASC arasında 11 fevral 2014-cü il tarixdə 2 illik zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 krediti ödəməmişdir. Bank və ya kredit təşkilatı da kredit borcun ödənilməməsi ilə bağlı müqavilənin qüvvədə olduğu müddətdə ona xəbərdarlıq etməmişdir. Hazırda zaminlik müqaviləsinin müddəti bitmişdir. Müddət bitdiyi üçün zaminlik müqaviləsinə xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2014-cü il tarixli M-002-AZN №li kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 faizlə, 24 ay müddətinə 2300 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə olunmuş kassa məxaric orderindən görünür ki, Cavabdeh1 11 fevral 2014-cü il tarixdə "xxxx" ASC-dən 2244 manat kredit qalmışdır. İşə əlavə edilmiş 11 fevral 2014-cü il tarixli zaminlik haqqında razılıqdan görünür ki, Abakarov Sadiq Oktay oğlu kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1580.25 manat əsas borc, 257.75 manat faiz borcu olmaqla, cəmi 1838 manat kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. İddiaçı kredit borcun, həmçinin, digər cavabdehin-zaminlik müqaviləsini bağlamış Abakarov Sadiq Oktay oğlundan da tutulmasını tələb etmişdir. Cavabdeh2 məhkəməyə ərizə verərək zaminlik müqaviləsinin müddəti bitdiyinə görə zaminliyə xitam verilməsini xahiş etmişdir. Mülki Məcəlləinin 477.0.4-cü maddəsində göstərilir ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materillarından görünür ki, iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürməmişdir. Cavabdeh Abakarov Sadiq Oktay oğlu ilə bank arasında bağlanmış zaminlik müqaviləsinin müddəti qurtarmışdır. Ona görə də zaminlik müqaviləsinə xitam verlməli, iddia cavabdeh Abakarov Sadiq Oktay oğluna münasibətdə təmin olunmamalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 1580.25 manat əsas borc, 257.75 manat faiz borcu olmaqla, cəmi 1838 manat tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 38,38 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh1 1580.25 (bir min beş yüz səksən manat iyirmi beş qəpik) manat əsas borc, 257.75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 38,38 (otuz səkkiz manat otuz səkkiz qəpik) manat alınıb İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia cavabdeh Abakarov Sadiq Oktay oğluna münasibətdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar