Məhkəmə qərarları › İş №e-2(051)-1112/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1112/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1112/2023 09.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-1112/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2021ci il tarixli, 600804-904146/2 №li istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıdan 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4150 manat məbləğində kredit almışdır. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə 26 may 2021-ci il tarixli, 600804-904146/2 №li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2567.27 manat əsas borc və 444.43 manat faiz borcu olmaqla, cəmi 3011.7 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 50.52 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, bankla Cavabdeh1 arasında bağlanmış 26 may 2021-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə onun arasında 26 may 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hesab etmişdir ki, həmin kredit müqaviləsi üzrə borc Cavabdeh1 tərəfindən ödənilmişdir. Lakin sonra ona məlum olmuşdur ki, borc ödənilməyib. Maddi imkanı olmadığına görə də borcu ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2021-ci il tarixli, 600804-904146/2 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4150 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 may 2021-ci il tarixli, 600804-904146/2 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş 26 may 2021-ci il tarixli kassa məxaric orderin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 4150 manat kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2021-ci il tarixli, 600804-904146/2 №li kredit müqaviləsinə əsasən cavabdehin banka 2567.27 manat əsas borc və 444.43 manat faiz borcu olmaqla, cəmi 3011.7 manat kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 2567.27 manat əsas borc və 444.43 manat faiz borcu olmaqla, cəmi 3011.7 manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50.52 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2567.27 (iki min beş yüz altmış yeddi manat iyirmi yeddi qəpik) manat əsas borc və 444.43 (dörd yüz qırx dörd manat qırx üç qəpik) manat faiz borc olmaqla, cəmi 3011.7 (üç min on bir manat yetmiş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 50.52 (əlli manat əlli iki qəpik) manat pul alınıb İddiaçı ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar