Məhkəmə qərarları › İş №e-2(051)-115/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-115/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-115/2024 06.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, 1500,00 (bir min beş yüz) manat sığorta ödənişi məbləğinin və 35,00 (otuz beş) manat dövlət rüsumunun, cəmi 1535,00 (bir min beş) manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21033” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21033” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X1 ağır xəsarət vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1 500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-53/2020 saylı Cinayət işi haqqında hökmündə Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi qət edilmişdir. Mingəçevir ŞPŞ-nın İstintaq Bölməsinin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21033” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Ona görə də Cavabdeh 1500,00 (bir min beş yüz) manat sığorta ödənişi məbləğinin və 35,00 (otuz beş) manat dövlət rüsumunun, cəmi 1535,00 (bir min beş) manat dövlət rüsumunun “"xxxx"” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirdi ki, belə bir hadisə olmuşdur. Lakin dərhal xəsarət alanı öz maşınına qoyub xəstəxanaya aparmışdır. Hazırda maddi imkanı yoxdur heç bir yerdə işləmir. Ona görə də dəymiş ziyanı ödəməkdə çətinlik çəkir. Maddi vəziyyəti düzələn kimi borcunu ödəyəcəkdir. İddiaçı "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sığorta şəhadətnaməsindən görünür ki, “VAZ 21033” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, geriyə tələb (subroqasiya) məktubundan görünür ki, “Atasığorta» ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişinin 10 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə Atasığorta» ASC tərəfindən PAA********** nömrəli sığorta müqaviləsinə əsasən, X5 dəymiş zərərə görə 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan AR DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Mingəçevir şəhərinin Natəvan küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin “VAZ 21033” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Niftalıyeva Hicran Əsəd qızına məxsus olmuş, həmin zaman avtomobilin sürücüsü Cavabdeh olmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(051)-53/2020 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etməkdən məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Mingəçevir şəhərinin Natəvan küçəsində Cavabdeh idarə etdiyi “VAZ 21033” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X1 ağır xəsarət vurmuşdur.. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh yol–nəqliyyat hadisə törətdiyinə görə həmin vaxt qüvvədə olan AR CM-nin 263-1.2-ci maddəsinə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etməkdən məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin həqiqi hallarına uyğun gəlir və ona görə də ziyanın məbləği 1500 manat həddində qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortaçının subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsinə görə könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı, və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21033” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X1 ağır xəsarət vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1 500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-53/2020 saylı Cinayət işi haqqında hökmündə Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Ondan sonra iddiaçı şirkət tərəfindən könüllü sığorta müqaviləsinə əsasən X4 nümayəndəsi X2 1500 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdeh yol nəqliyyat hadisəsini törədən vaxt nəqliyyat vasitəsini idarə etmə hüququ olmamışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Odur ki, məhkəmə hesab edir ki, subroqasiya qaydasında 1500 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 35 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 35 (otuz beş) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı Atasığorta» ASC -ə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar