Məhkəmə qərarları › İş №e-2(051)-1150/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1150/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1150/2025 15.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cəmi borcu 17.045,74 (on yeddi min qırx beş ABŞ dolları 74 sent) ABŞ dolları -bundan 9.125,18 (doqquz min bir yüz iyirmi beş ABŞ dolları 18 sent) ABŞ dolları əsas, 1.444,94 (bir min dörd yüz qırx dörd ABŞ dolları 94 sent) ABŞ dollarıfaiz, 5.175,14 (beş min bir yüz yetmiş beş ABŞ dolları 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.300,48 (bir min üç yüz ABŞ dolları 48 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 176,93 (bir yüz yetmiş altı Manat 93 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh1 arasında bağlanmış 2373- 14 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 12.750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-1-2373-14 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.009,36 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 17.045,74 (on yeddi min qırx beş ABŞ dolları 74 sent) ABŞ dolları təşkil edir. Bundan 9.125,18 (doqquz min bir yüz iyirmi beş ABŞ dolları 18 sent) ABŞ dolları əsas, 1.444,94 (bir min dörd yüz qırx dördABŞ dolları 94 sent) ABŞ dolları faiz, 5.175,14 (beş min bir yüz yetmiş beşABŞ dolları 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.300,48 (bir min üç yüz ABŞ dolları 48 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılıb qətnamənin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə iddia müddətini tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Cavabdeh2 dair hissədə iddia müddəti tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 2373-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə aylıq faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.750 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İşdə olan kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.009,36 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir və restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməlidir. İşdə olan 13 fevral 2025-ci il tarixli, 12-5/2-M-41-2703/2025 saylı bildirişdən görünür ki, 13 fevral 2025-ci il tarixə Banka 9125,18 USD məbləğində əsas borc, 1444,94 USD məbləğində faiz borcu, 5175,14 USD məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 1300,48 USD faiz məbləği, ümumilikdə 17045,74 USD məbləğində borc qalmışdır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ZM-1- 2373-14 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin 2373-14 nömrəli, xx.xx.2014cü il tarixli müqavilə üzrə banka 9.125,18 (doqquz min bir yüz iyirmi beş ABŞ dolları 18 sent) ABŞ dolları əsas, 1.444,94 (bir min dörd yüz qırx dörd ABŞ dolları 94 sent) ABŞ dolları faiz, 5.175,14 (beş min bir yüz yetmiş beş ABŞ dolları 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.300,48 (bir min üç yüz ABŞ dolları 48 sent) ABŞ dolları faiz borcu məbləğində borcu vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh1 arasında 2373-14 nömrəli, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, bank cavabdehə aylıq faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12750 USD məbləğində kredit verilmişdir. Müqavilənin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ZM-1- 2373-14 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlamış, lakin Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka 2373-14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 9.125,18 (doqquz min bir yüz iyirmi beş ABŞ dolları 18 sent) ABŞ dolları əsas, 1.444,94 (bir min dörd yüz qırx dörd ABŞ dolları 94 sent) ABŞ dolları faiz, 5.175,14 (beş min bir yüz yetmiş beş ABŞ dolları 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.300,48 (bir min üç yüz ABŞ dolları 48 sent) ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.9–ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1–ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə hesab edir ki, zaminə münasibətdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə, həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda, zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir. Məhkəmə həmçinin iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2022-ci il tarixədəkdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Belə olan halda qanunvericiliyin tələbinə əsasən bir illik müddət tətbiq olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 2373-14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, 9.125,18 (doqquz min bir yüz iyirmi beş ABŞ dolları 18 sent) ABŞ dolları əsas, 1.444,94 (bir min dörd yüz qırx dörd ABŞ dolları 94 sent) ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitdikdən sonra Konsitutsiya Məhkəməsinin Plenum qərarına əsasən, 1300,48 cərimə borcu alınmalı və iş üzrə ödənilmiş 5175,14 ABŞ Dolları dəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı və müvafiq olaraq müqavilə üzrə 51 ABŞ Dolları miqdarında saxlanılmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 9125,18 ABŞ Dolları məbləğində əsas kredit borcu, 1444,94 ABŞ Dolları məbləğində faiz borcu və 51 ABŞ Dolları məbləğində cərimə olmaqla, kredit müqaviləsi bitdikdən sonra Konsitutsiya Məhkəməsinin Plenum qərarına əsasən, 1300,48 cərimə olmaqla ümumilikdə cəmi 11 921,6 ABŞ Dolları pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçıya verilməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasibətdə 141 manat Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 9125,18 ABŞ Dolları məbləğində əsas kredit borcu, 1444,94 ABŞ Dolları məbləğində faiz borcu və 51 ABŞ Dolları məbləğində cərimə olmaqla, kredit müqaviləsi bitdikdən sonra Konsitutsiya Məhkəməsinin Plenum qərarına əsasən, 1300,48 cərimə olmaqla ümumilikdə cəmi 11 921,6 ABŞ Dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 141 manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar