Məhkəmə qərarları › İş №e-2(051)-1160/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1160/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1160/2022 16.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-in xeyrinə 6809,9 manat məbləğində əsas borcun, 601,35 manat faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi 94.12 manat pulun müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X4 Nazim oğluna xx.xx.2020-ci ilədək, 24 ay müddətinə illik 18% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. X4 Nazim oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Həmin tarixə onun banka olan borcunun məbləği a) əsas borc üzrə 6809,9 manat b) faizlər üzrə 601,35 manat təşkil edir. Cavabdehlər Qasımov Aqşin Nazim oğlundan miras qalan 8275.44 manat pulu onun vərəsələri kimi Mingəçevir regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etməklə bərabər paylarla (hər birinin 1/3 pay) qəbul etmiş və bu barədə onlara xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehlərə xx.xx.2022-ci ildə poçt vasitəsi ilə pretenziya göndərilib. Lakin borc ödənilməyib. Odur ki, cavabdehlərdən İddiaçı ASC-in xeyrinə 6809,9 manat məbləğində əsas borcun, 601,35 manat faiz borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi 94.12 manat pulun müştərək qaydada tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı özünə münasibətdə iddianı qismən qəbul etdi və göstərdi ki, əri 2019-cu ildə vəfat etmişdir. Bank isə hazırda, yəni 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Əgər 2019-cu ildə müraciət etsə idi, həmin il imkanı olduğundan borcunu ödəyə bilərdi. Hazırda isə ailənin bütün yükü onun üzərindədir və digər cavabdehlər isə heç bir yerdə işləmədiklərindən, onların da, həmçinin borcu ödəməyə maddi imkanları kifayət deyildir. Kredit sığortalanmamışdır. 10.000 manat məbəlğində borc vermələrinə baxmayaraq, pulu sığortalamamışlar, halbu ki o, sığortalamalarını bankın əməkdaşlarına söyləmişdir. O, müəllimə işləyir və saat hesabına maaş alır. X4 Nazim oğlu sağlığında bir çox banklardan kreditlər götürmüşdür. Məhz bu səbəbə görə də o, məhkəməyə müraciət edərək, aliment tələb etmişdir. Sağlığında X4 Nazim oğlu ona aliment ödəmişdir. Aralarındakı nikah Qasımov Aqşin Nazim oğlunun valideynlərinin yaxşı münasibətinə görə pozulmamış və evli qalmışlar. Mirası qəbul etməsinin səbəbi digər banklara borcunun ödənilməsi olmuşdur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Qasımov Aqşin Nazim oğlu arasında bağlanmış 01 avqust 2018-ci il tarixli 032CASA182130007 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 18 faiz olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Qasımov Aqşin Nazim oğlu kredit məbləğinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixi ərzində hər ay 501.45 manat, sonuncu ay isə 501.53 manat olmaqla ödənilməsinə razı olmuşlar. Qasımov Aqşin Nazim oğlu həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC-yə aid xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə X4 Nazim oğlu iddiaçı bankın Mingəçevir filialından 10.000 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan kredit hesabından çıxarışdan görünür ki, cəmi ödənilmiş əsas kredit məbləğləri 3190,10, ödənilmiş faiz məbləğləri 1214,49 manat, ödənilmiş cərimə məbləğləri 11,41 manat olmaqla, ümumilikdə 4416,00 manat ödəniş etmişdir. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında 19 aprel 2020-ci il tarixli şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş Qasımov Aqşin Nazim oğlunun arvadı – Cavabdeh2 əmlakdan 1/3 hissədə, qızı – Cavabdeh3 əmlakdan 1/3 hissədə və qızı – Cavabdeh1 əmlakdan 1/3 hissədə pay almalıdırlar. İşdə olan İddiaçı ASC-yə aid 31 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 02 noyabr 2021-ci il tarixə cavabdehlərin banka olan borcu 6809,9 manat məbləğində əsas borc, 601,35 manat faiz borcu və 345,21 cərimə borcu təşkil edir. İşdə olan borcun ödənilməsi tələbinə dair xx.xx.2022-ci il tarixli Pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 banka olan borcu 5 gün müddətində ödəməli olduqları bildirilmiş. Əks təqdirdə onlara qarşı borcun məcburi qaydada ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıralacağına dair xəbərdar edilmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı bankla X4 Nazim oğlu arasında bağlanmış 01 avqust 2018-ci il tarixli 032CASA182130007 nömrəli kredit (borc) müqaviləsinə əsasən bank cavabdehə illik 18 faiz olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. Borcalan razılaşmaya uyğun olaraq hər ay müəyyən ödənişlər etmişdir. Lakin xx.xx.2019-cu il tarixdə X4 Nazim oğlu ölmüşdür. Ondan qalan mirası birinci növbəli qanun üzrə vərəsələri olan cavabdehlər vərəsəlik hüququ haqqında şəhdətnamə əsasında əldə etmişlər. Lakin mirası qəbul etmiş vərəsələr olan cavabdehlər miras qoyanın öhdəliklərini yerinə yetirməsindən boyun qaçırmışlar. Nəticədə miras qoyanın 02 noyabr 2021-ci il tarixədək 6809,9 manat məbləğində əsas, 601,35 manat faiz borcu olmaqla, ümumilikdə 7411,25 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında 01 avqust 2018-ci il tarixdə predmeti pul məbləği olan 032CASA182130007 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 18 faiz olmaqla 24 ay müddətinə 6809,9 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan razılaşmaya uyğun olaraq hər ay müəyyən ödənişlər etmişdir. Lakin xx.xx.2019-cu ildə X4 Nazim oğlu ölmüşdür. Ondan qalan miras vərəsələri: arvadı – Cavabdeh2 1/3 hissədə, qızı – Cavabdeh3 əmlakdan 1/3 və qızı – Cavabdeh1 1/3 hissədə aralarında bölünmüşdür. Hazırda bank qarşısında öhdəlik üzrə vərəsəlik hüququna dair qanunvericiliyə əsasən cavabdehlər paylarına mütənasib qaydada məsuliyyət daşıyırlar. Bankla borcalan arasında razılaşdırılmış cədvələ uyğun olaraq borcalan hər ay krediti faizləri ilə birlikdə razılaşdırılmış cədvələ uyğun olaraq qaytarmalı olmasına baxmayaraq, onlar öhdəliklərinə əməl etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiklərinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyırlar. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 6809,9 manat məbləğində əsas borc, 601,35 manat faiz borcu olmaqla, ümumilikdə 7411,25 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 01 avqust 2018-ci il tarixli 032CASA182130007 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 6809,9 manat məbləğində əsas borc, 601,35 manat faiz borcu olmaqla, ümumilikdə 7411,25 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 94,12 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 01 avqust 2018-ci il tarixli 032CASA182130007 saylı kredit müqaviləsi üzrə 6809,9 (altı min səkkiz yüz doqquz manat, doxsan qəpik) manat məbləğində əsas borc, 601,35 (altı yüz bir manat, otuz beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7411,25 (yeddi min dörd yüz on bir manat, iyirmi beş qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,12 (doxsan dörd manat, on iki qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar