Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1248/2024 03.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə əsasən mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1271.88 manat əsas, 16.31 manat faiz, 3.41 qəpik cərimə olmaqla, ümümilikdə 1291.60 manat borcun və 33 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki
1. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM082100374 nömrəli kredit müqaviləsinə əsasən əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1309.51 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.4.1–ci bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəyir; Müqavilə tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, LM082100374 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli, LM082100374 nömrəli kredit müqaviləsi üzrə borculunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 zamin olmağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinə əsasən: 1.2-ci bəndinə əsasən "Borclu" restrukturizasiya müqaviləsinə əsasən üzərinə dıişən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə "Zamin" "Borclu" ilə birlikdə "ləğv prosesində olan bank” qarşısında restrukturiza müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2023cü il tarixdə cavabdehlərə bildiriş göndərilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli, LM082100374 nömrəli kredit müqaviləsi üzrə 1271.88 manat əsas, 16.31 manat faiz, 3.31 manat cərimə olmaqla, ümümilikdə 1291.60 manat borcunun olmasına dair xx.xx.2021-ci il tarixli maliyyə cədvəli tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli 57250758 nömrəli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 33 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2021-ci il tarixli, LM082100374 staylı kredit müqaviləsi üzrə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, zaminin borclu ilə eyni həcmdə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 1271.88 manat əsas, 15.46 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı LPO İddiaçı ASC-i xx.xx.2023-cü il tarixdə cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2023-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 33 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli LM082100374 saylı, kredit müqaviləsi üzrə 1271.88 (bir min iki yüz yetmiş bir manat səksən səkkiz qəpik) manat əsas, 15.46 (on beş manat qırx altı qəpik) manat faiz, 3.14 (üç manat on dörd qəpik) manat cərimə olmaqla, cəmi 1290.48 (bir min iki yüz doxsan manat qırx səkkiz qəpik) manat məbləğində borc alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Dövlət rüsumu üçün ödənilmiş 33 (otuz üç) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Güləndam Quliyeva