Məhkəmə qərarları › İş №e-2(051)-1319/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1319/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1319/2025 26.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 08 yanvar 2024-cü il tarixli, 600804-232508/5 nömrəli kredit müqaviləsi üzrə 3759.64 manat məbləğində əsas borc və 296.32 manat faiz borcu olmaqla, cəmi 4055.96 manat borcun və 600797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1037.32 manat məbləğində əsas borc və 59.15 manat faiz borcu olmaqla, cəmi 1096.47 manat məbləğində kredit borcun (ümumilikdə hər iki kredit borcu üzrə 5152.43 manat borc) və 71.52 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, 600804-232508/5 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 5000 manat və 600797- PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, ilik 24% dərəcəsi ilə 1037.32 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka olan borcunu ödəməmişdir. 15 may 2025-ci il tarixə cavabdehin 08 yanvar 2024-cü il tarixli, 600804- 232508/5 nömrəli kredit müqaviləsi üzrə 3759.64 manat əsas borc və 296.32 manat faiz borcu olmaqla, cəmi 4055.96 manat məbləğində kredit borcu yaranmışdır. 600797- PC********** nömrəli kredit müqaviləsi üzrə 1037.32 manat əsas borc və 59.15 manat faiz borcu olmaqla, cəmi 1096.47 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun ifadə verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatına ünvanlanmış, bildiriş məktubla birlikdə məhkəməyə qaytarılmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, 600804-232508/5 nömrəli istehlak kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. İş materiallarına İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 600797- PC********** nömrəli istehlak kredit xətti müqaviləsi əlavə edilmiş, kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, cavabdehə 24 ay müddətinə, ilik 24% dərəcəsi ilə 1037.32 manat məbləğində kredit verilmişdir. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh 08 yanvar 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Mingəçevir filialından 5000.00 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 08 yanvar 2024-cü il tarixli, 600804-232508/5 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 3759.64 manat əsas borc, 251 manat faiz borcu olmaqla, cəmi 4010.64 manat məbləğində vəsait xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 600797-PC********** nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 1037.32 manat əsas borc, 43.73 manat faiz borcu olmaqla, cəmi 1081.05 manat məbləğində vəsait xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışlarından görünür ki, cavabdehin 15 may 2025-ci il tarixə 08 yanvar 2024-cü il tarixli, 600804-232508/5 nömrəli kredit müqaviləsi üzrə 3759.64 manat əsas borc və 296.32 manat faiz borcu olmaqla, cəmi 4055.96 manat məbləğində borcu yaranmışdır. 600797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1037.32 manat əsas borc və 59.15 manat faiz borcu olmaqla, cəmi 1096.47 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, 600804- 232508/5 nömrəli istehlak kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. 600797- PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, ilik 24% dərəcəsi ilə 1037.32 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, iddiaçı bank xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair bildirişlər göndərməklə müqavilədən birtərəfli qaydada imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında 08 yanvar 2024-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 5000 manat məbləğində kredit vermiş, 600797- PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, ilik 24% dərəcəsi ilə 1037.32 manat məbləğində kredit verilmiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğlərini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək üçün subyektiv hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarına əsasən, cavabdehdən 600804-232508/5 nömrəli kredit müqaviləsi üzrə 3759.64 manat əsas borc, 251 manat faiz borcu olmaqla, cəmi 4010.64 manat, 600797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1037.32 manat əsas borc, 43.73 manat faiz borcu olmaqla, cəmi 1081.05 manat, hər iki müqavilə üzrə ümumilikdə 5091.69 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərməsi, yəni iddiaçı bankın birtərəfli iradə ifadəsini cavabdehə bildirməsi ilə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi məhkəmədən kənar qaydada ləğv edilmiş hesab edilməlidir. Bununla da iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləğləri iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğlərdə deyil, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə ünvanlanmış xəbərdarlıq məktublarında qeyd edilmiş məbləğdə, yəni 600804-232508/5 nömrəli kredit müqaviləsi üzrə 251 manat, 600797-PC********** nömrəli kredit müqaviləsi üzrə 43.73 manat məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli və cavabdehdən 600804-232508/5 nömrəli kredit müqaviləsi üzrə 3759.64 manat əsas borc, 251 manat faiz borcu olmaqla, cəmi 4010.64 manat, 600797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1037.32 manat əsas borc, 43.73 manat faiz borcu olmaqla, cəmi 1081.05 manat, hər iki müqavilə üzrə ümumilikdə 5091.69 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və ödənilmiş dövlət rüsumunun 70.92 manat məbləğində hissəsi cavabdehdən alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş, 600804-232508/5 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 3759.64 (üç min yeddi yüz əlli doqquz manat altmış dörd qəpik) manat əsas kredit borcu, 251 (iki yüz əlli bir) manat faiz borcu olmaqla, cəmi 4010.64 (dörd min on manat altmış dörd qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş, 600797-PC********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 1037.32 (bir min otuz yeddi manat otuz iki qəpik) manat əsas kredit borcu, 43.73 (qırx üç manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1081.05 (bir min səksən bir manat beş qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 70.92 (yetmiş manat doxsan iki qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar