Məhkəmə qərarları › İş №e-2(051)-1343/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1343/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1343/2022 14.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində borc pulun və 60 manat məbləğində dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 2019-cu ildən tanıyır. Cavabdeh V.Abışov 17 iyul 2017-ci ildə ona müraciət edərək 4000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Buna görə də 17 iyul 2021-ci ildə ona borca pul vermək qərarına gəlmişdir və aralarında yaranan münasibəti 17 iyul 2021-ci il tarixdə 3M-190 №-li reyestrlə qeydə alaraq, yazılı müqavilə bağlamışlar. Müqavilənin bitmə tarixi 30 sentyabr 2021-ci il olmasına baxmayaraq cavabdeh pulu hələ də ödəmir. Əksinə yaşayış yerini dəyişməklə öhdəliyini ödəməkdən boyun qaçırmasının aşkar sürətdə ifadə etmişdir. Odur ki, məhkəmədən Cavabdeh 4000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh bildiriş göndərilərək tələbə dair etiraz olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdehlər tələbə dair etirazı məhkəməyə göndərməmişdirlər. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci il tarixli 3M-190 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 30 sentyabr 2021-ci il tarixədək qaytarmaq şərtilə 4000 manat məbləğində borc verir, cavabdeh isə borcunu həmin tarixdən ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 4000 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 60 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 4000(dörd min) manat və dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar