Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1346/2022 20.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Kapital Bank ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 18.12.2019-cu il tarixli BRED1714367A129 saylı kredit müqaviləsinə əsasən 78.8 manat əsas, 17.26 manat faiz borcu olmaqla, cəmi 96.06 manat, 04.03.2021-ci il tarixli GTKR3452389A129 saylı kredit müqaviləsinə əsasən isə 1906.16 manat əsas, 444.58 manat faiz borcu olmaqla, cəmi 2350.74 manat, ümumilikdə 2446.8 manat borcun və 44.46 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, kiçik iddia ərizəsində cavabdeh kimi Cavabdeh qeyd edilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə iddiaya cavab verməli olan şəxs kimi X1 adı qeyd edilmişdir. Kiçik iddia ərizəsində iddiaya cavab verməli olan və məhkəməyə çağırılmalı olan şəxsin kim olduğu dəqiq göstərilmədən məhkəməyə verilmişdir. Bununla da iddiaçı, kiçik iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 284-cü maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 284-3.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin eyniləşdirmə məlumatları göstərməli olması təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) kiçik iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilsə də, Mingəçevir şəhər Məhkəməsinə hesabına deyil, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1346/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1346/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver