Məhkəmə qərarları › İş №e-2(051)-1350/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1350/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1350/2022 17.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul borcunun ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1458 manat əsas borc, 288 manat cərimə borcu olmaqla, cəmi 1746 manat məbləğində borc pulun və 37.46 manat məbləğində dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(051)-1350/2022 saylı qərardadı ilə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə iddiaçıya müraciət edərək, mağazadan aylara bölünmüş şəkildə ödəməklə razılaşdırılmış alqı-satqı ilə əlaqədar müraciətlər etmişdir. Cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixli 3152 saylı və xx.xx.2021-ci il tarixli 4546 və 4548 saylı nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrin şərtlərinə görə iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli 3152 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 420 manat məbləğində olan bir ədəd “Ben 29 Adidas” markalı velosiped, xx.xx.2021-ci il tarixli 4546 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 791 manat məbləğində olan bir ədəd “Samsung A32” markalı mobil telefon, eləcə də bir ədəd “Buds Live” markalı qulaqcıq və xx.xx.2021-ci il tarixli 4548 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 707 manat məbləğində olan bir ədəd “Samsung A32” markalı mobil telefon satmışdır. Cavabdeh müqavilələrin şərtlərinə əsasən borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmiş, cəmi 1458 manat əsas borc, müqavilələrin 6.1-ci bəndlərinə əsasən 288 manat gecikmə borcu yaranmışdır. Odur ki, məhkəmədən Cavabdeh 1458 manat əsas borc, 288 manat cərimə borcu olmaqla, cəmi 1746 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 37.46 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3152 saylı və xx.xx.2021-ci il tarixli 4546 və 4548 saylı nisyə alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli 3152 saylı müqaviləsinə əsasən alqısatqı qiyməti 420 manat məbləğində olan bir ədəd “Ben 29 Adidas” markalı velosiped, xx.xx.2021-ci il tarixli 4546 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 791 manat məbləğində olan bir ədəd “Samsung A32” markalı mobil telefon, eləcə də bir ədəd “Buds Live” markalı qulaqcıq və xx.xx.2021-ci il tarixli 4548 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 707 manat məbləğində olan bir ədəd “Samsung A32” markalı mobil telefon verməyi, cavabdeh isə əşyaların dəyərini müqavilələrdə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 3152 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 420 manat məbləğində olan bir ədəd “Ben 29 Adidas” markalı velosiped, xx.xx.2021-ci il tarixli 4546 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 791 manat məbləğində olan bir ədəd “Samsung A32” markalı mobil telefon, eləcə də bir ədəd “Buds Live” markalı qulaqcıq və xx.xx.2021-ci il tarixli 4548 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 707 manat məbləğində olan bir ədəd “Samsung A32” markalı mobil telefonu iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh ümumilikdə 1458 manat əsas borc, 288 manat cərimə borcu olmaqla, cəmi 1746 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə “Ben 29 Adidas” markalı velosiped, “Samsung A32” markalı mobil telefon, eləcə də bir ədəd “Buds Live” markalı qulaqcıq və “Samsung A32” markalı mobil telefon üçün 288 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq “Ben 29 Adidas” markalı velosiped, “Samsung A32” markalı mobil telefon, eləcə də bir ədəd “Buds Live” markalı qulaqcıq və “Samsung A32” markalı mobil telefon üçün 30 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1458 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 1488 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 37.46 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 1458 (bir min dörd yüz əlli səkkiz) manat əsas borc, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 1488 (bir min dörd yüz səksən səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 37.46 (otuz yeddi manat qırx altı qəpik) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar