Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1384/2022 04.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3631,23 manat məbləğində pulun və ödənilmiş 57 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Oğuz rayonunun Dəymədərə kəndində yaşayır. Cavabdeh Oğuz şəhər sakini kimi tanıyır və onunla münasibətləri normal olmuşdur. Cavabdeh mağazadan mebel almaq üçün "xxxx" ASC-dən öz adına 3000 ABŞ dolları istehlak krediti götürmək istədiyini, kredit götürmək üçün bir nəfərin də zamin kimi müqaviləyə imza etməsinin zəruri olduğunu, kreditin geri ödənməsində heç bir problem olmayacağını bildirib, ona təklif etdi ki, zaminlik müqaviləsinə imza etsin ki, "xxxx" ASCdən kredit götürə bilsin. O, Cavabdeh tanıdığından və etibar etdiyindən onun bu təklifinə etiraz edə bilməmişdir. Qeyd edilən müddətdə "xxxx" ASC-yə gedərək lazımi sənədlərə imza etmişlər. Cavabdeh ilə aralarında olan razılığa əsasən kredit məbləğini o özü qrafik üzrə tamamilə geri ödəməli idi. Kredit alındıqdan sonra cavabdeh vədinə əməl etməyərək kredit məbləğini tam şəkildə geri ödəmədi. "xxxx" ASC-dən alınmış kredit üzrə ödənişlər edilmədiyinə görə həmin təşkilat Oğuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ödənilməmiş qalan 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə məbləği - cəmi 2374 ABŞ dolları borcu və 20 manat dövlət rüsumunun Cavabdeh və ondan müştərək qaydada alınıb "xxxx" ASC-yə verilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı qətnaməsi ilə Cavabdeh və ondan müştərək qaydada 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə məbləği - cəmi 2374 ABŞ dolları borcu və 20 manat dövlət rüsumu alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı qətnaməsi tam icra olunmuşdur. Məhkəmə qətnaməsi əsasında borc onun pensiyasından tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Kredit borcu və icra xərci ilə bağlı o, 2011-2021-ci il tarixlərdə cəmi 1416+1941,87+273,36 manat= CƏMİ 3631,23 manat pul ödəmişdir. O, hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 57 manat dövlət rüsumu da ödəmişdir. O, hazırda həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh ona ödəməli olduğu 3631,23 manat məbləği könüllü olaraq ödəməkdən imtina etdiyinə görə məcburiyyət qarşısında qalaraq bu işlə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulan 1941,87 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulan 757,90 manat, 28 oktyabr 2021-ci il tarixdə isə özü şəxsən ödədiyi 273,36 manat olmaqla, cəmi 2973,13 manat pulun və ödənilmiş 57 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, bankdan kredit borcunu o götürməmişdir. Bununla bağlı hökm çıxmışdır. Lakin həmin hökmü əldə edə bilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və İddiaçı müştərək qaydada 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə olmaqla, cəmi 2374 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı pensiyasından xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1416 manat məbləğində vəsait "xxxx" ASC-nin xeyrinə tutulma aparılmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 15 saylı ərazi filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı icra sənədi ilə bağlı İddiaçı pensiyasından xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1941.87 manat bank kredit borcu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulub ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı pensiyasından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 757.90 manat vəsait tutulmuşdur. İşdə olan qəbzin surətindən görünür ki, Cavabdeh kredit borcu üzrə İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin hesabına 273,36 manat məbləğində pul ödəmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Oğuz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı "xxxx" ASC-yə olan borclarını xx.xx.2021-ci il tarixdə tam olaraq ödəmişlər. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə ödənilmədiyindən, bank tərəfindən məhkəmə müraciət edilmiş və Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada 2111 ABŞ dolları əsas borc, 260 ABŞ dolları kreditə görə faiz borcu və 3 ABŞ dolları cərimə olmaqla, cəmi 2374 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən icra sənədi üzrə tutulmalar iddiaçının pensiyasından həyata keçirilmişdir. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu təqdim edilən sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Hazırda iddiaçı pensiyasından tutulmuş 2973,13 manat məbləğində pulun 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı icra sənədi üzrə tutulduğunu və cavabdeh tərəfindən həmin pulun ona könüllü şəkildə ödənilmədiyini bildirirərək, həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb edir.Cavabdeh tərəf isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh banka olan kredit borcu "xxxx" ASC tərəfindən iddiaçıya məxsus pensiya kartından aparılan 1941.27 manat tutulmalar və şəxsən ödədiyi 273,36 manat hesabına ödənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Lakin məhkəmə iddiaçıya reqress qaydada ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələb etdiyi 2973,13 manat pulun 1941,87 manat və şəxsən ödədiyi 273,36 manat hissəsi əsaslıdır. Belə ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 15 saylı ərazi filialı tərəfindən verilmiş məktubdan göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 21 dekabr 2010-cu il tarixli, 2(054)- 409/2010 saylı icra sənədi üzrə iddiaçının pensiyasından 1941,87 manat məbləğində kredit borcu "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilmişdir. Eləcə də xx.xx.2021-ci il tarixdə qəbz əsasında cavabdehin əvəzinə 273,36 manat ödəniş etmişdir. İddiaçının təqdim etdiyi digər sübutlarla pensiyasından ödənilmiş pul vəsaitlərinin birbaşa cavabdehin əvəzinə, onun borclu olduğu icra sənədi üzrə tutulduğu göstərilmədiyindən, məhkəmə həmin sənədləri iş üzrə sübut növü kimi qəbul etmir və nəzərə almır. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçının pensiyasından tutulan və onun tərəfindən ödənilmiş cəmi 2973,13 manat məbləğində pulun məhz 21 dekabr 2010-cu il tarixli, 2(054)-409/2010 saylı icra sənədi üzrə ödənilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə cavabdehin kredit borcunun onun tərəfindən götürülməməsi barədə izahatı ilə bağlı qeyd edir ki, cavabdehin izahatında göstərdiyi hallarla bağlı məsələlər başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə araşdırılmış və həll edilmiş fakt olduğundan, məhkəmə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş halları işin mübahisə edilməyən halları kimi qəbul edir və həmin halların yenidən mübahisələndirilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsində iddiaçının pensiyasından edilmiş tutulmaların bir qismi, habelə cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və cavabdehdən 2215.23 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və cavabdehdən 42,15 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2215 (iki min iki yüz on beş) manat 23 qəpik məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,15 (qırx iki) manat 15 qəpik məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1384/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1384/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver