Məhkəmə qərarları › İş №e-2(051)-1406/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1406/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1406/2022 24.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər iki müqavilə üzrə cəmi 3000 manat məbləğində əsas, 522 manat məbləğində hesablanmış gecikmə faiz borcu olmaqla, ümumilikdə 3522 manat borcun və 55.22 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il ə xx.xx.2021-ci il tarixlərində ona mağazadan aylara bölünmüş şəkildə nisyə ödəməklə razılaşdırılmış alqı-satqı ilə əlaqədar müraciətlər etmişdir. Cavabdehin müraciətlərinə müvafiq olaraq onunla iddaçı arasında xx.xx.2021-ci il tarixli, 3981 saylı, xx.xx.2021-ci il tarixli 4254 saylı və xx.xx.2021-ci il tarixli 4395 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən, 2.1-ci bəndində göstərilən pul məbləğini 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə müvafiq olaraq xx.xx.2021-ci il tarixli 3781 saylı müqavilə üzrə 276 manat məbləğində bir ədəd tozsoran (Samsung VC18M21C0VN/EV), xx.xx.2021-ci il tarixli 4254 saylı müqavilə üzrə 2988 manat məbləğində hər birindən bir ədəd olmaqla soyuducu (Samsung RT38K506DXWR) və televizor (Samsung UE55TU7100UXRU) və xx.xx.2021-ci il tarixli 4395 saylı müqavilə üzrə 1332 manat məbləğində bir ədəd kondisioner (Aux H18A4/R1) alışı məqsədilə borclanmışdır. Borclu alqı-satqı müqavilələrin bağlandığı xx.xx.2021-ci il tarixli 3981 saylı müqavilə üzrə borcdan 69 manat, xx.xx.2021-ci il tarixli 4254 saylı müqavilə üzrə borcdan 747 manat və xx.xx.2021-ci il tarixli 4395 saylı müqavilə üzrə borcdan isə 777 manat ödəniş etmişdir. Beləliklə, hal-hazırda mağazaya ödənilmiş xx.xx.2021-ci il tarixli 3981 saylı müqavilə üzrə 207 manat məbləğində əsas borcu, müqavilənin 6.1-ci bəndinə əsasən 41 manat məbləğində hesablanmış gecikmə borcu, cəmi 248 manat, xx.xx.2021-ci il tarixli 4254 saylı müqavilə üzrə 2238 manat məbləğində əsas borcu, müqavilənin 6.1-ci bəndinə əsasən əsasən 448 manat gecikmə borcu, cəmi 2686 manat, xx.xx.2021-ci il tarixli 4395 saylı müqavilə üzrə 555 manat məbləğində əsas borcu, müqavilənin 6.1-ci maddəsinə əsasən 33 manat məbləğində hesablanmış gecikmə borcu, cəmi 588 manat borcları qalmışdır. Beləliklə, borclu Cavabdeh ümumilikdə mağazaya ödənilməmiş 3000 manat məbləğində əsas borcu, 522 manat məbləğində hesablanmış gecikmə faiz borcu, cəmi 3522 manat yaranmışdır. Odur ki, cavabdehdən hər iki müqavilə üzrə cəmi 3000 manat məbləğində əsas, 522 manat məbləğində hesablanmış gecikmə faiz borcu olmaqla, ümumilikdə 3522 manat borcun və 55.22 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan 11 iyul 2021-ci il tarixli 3981 saylı nisyə alqı-satqı müqaviləsindən və təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdeh 276 manat dəyərində “Samsung VC18M21C0VN/EV” markalı tozsoranı nisyə satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021xx.xx.2022-ci il tarixləri ərzində hər ay 23 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan 01 avqust 2021-ci il tarixli 4254 saylı nisyə alqı-satqı müqaviləsindən və təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdeh cəmi 2988 manat dəyərində olan “Samsung RT38K506DXWR” markalı soyuducunu və “Samsung UE55TU7100UXRU” markalı televizoru nisyə satmışdır. İşdə olan 01 avqust 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-xx.xx.2022-ci il tarixləri ərzində hər ay 249 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 avqust 2021-ci il tarixli 4395 saylı nisyə alqı-satqı müqaviləsindən və təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdeh 1332 manat dəyərində “Aux H18A4/R1” markalı kondisioneri nisyə satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021xx.xx.2022-ci il tarixləri ərzində hər ay 111 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan bildirişlərdən görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə 207 manat əsas, 41 manat gecikmə faizi olmaqla, ümumilikdə 248 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə 2238 manat əsas, 448 manat gecikmə faizi olmaqla, ümumilikdə 2686 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə 555 manat əsas, 33 manat gecikmə faizi olmaqla, ümumilikdə 588 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış 11 iyul 2021-ci il tarixli 3981 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 276 manat dəyərində “Samsung VC18M21C0VN/EV” markalı tozsoran üçün 207 manat, 01 avqust 2021-ci il tarixli 4254 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 2988 manat dəyərində olan “Samsung RT38K506DXWR” markalı soyuducu və “Samsung UE55TU7100UXRU” markalı televizor üçün 2238 manat və 11 avqust 2021-ci il tarixli 4395 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1332 manat dəyərində “Aux H18A4/R1” markalı kondisioner üçün 555 manat, ümumilikdə 3000 manat borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehə 11 iyul 2021-ci il tarixli 3981 saylı, 01 avqust 2021-ci il tarixli 4254 saylı və 11 avqust 2021-ci il tarixli 4395 saylı müqavilələr üzrə cəmi 522 manat gecikmə faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi “gecikmə faiz borcu” dəbbə puludur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi müqavilə düzgün formada tərtib edilərək nisyə alqı-satqı formasında bağlanmışdır. Müqavilənin şərtlərinə öhdəliyin təmin edilməsi üsulu kimi dəbbə pulu ödənişi daxil edilmişdir. Lakin iddiaçı tərəf iddia tələbində dəbbə pulu əvəzinə faiz borcu yazaraq nöqsana yol vermişdir. Buna baxmayaraq, məhkəmə həmin tələbi borc müqavilələrinə xas olan faiz borcu kimi deyil, hazırkı işin faktiki hallarını nəzərə alaraq dəbbə pulu kimi qəbul edir. Məhkəmə hesab edir ki, cavabdehdən 11 iyul 2021-ci il tarixli 3981 saylı, 01 avqust 2021-ci il tarixli 4254 saylı və 11 avqust 2021-ci il tarixli 4395 saylı nisyə alqı-satqı müqavilələri üzrə 3000 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən azaldılaraq, 11 iyul 2021-ci il tarixli 3981 saylı müqavilə üzrə 3 manat, 01 avqust 2021-ci il tarixli 4254 saylı müqavilə üzrə 5 manat və 11 avqust 2021-ci il tarixli 4395 saylı müqavilə üzrə 2 manat, cəmi 10 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq cəmi 10 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 11 iyul 2021ci il tarixli 3981 saylı, 01 avqust 2021-ci il tarixli 4254 saylı və 11 avqust 2021-ci il tarixli 4395 saylı nisyə alqı-satqı müqavilələri üzrə cəmi 3000 manat əsas, 10 manat cərimə borcu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 55.22 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11 iyul 2021-ci il tarixli 3981 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 207 (iki yüz yeddi) manat əsas, 3 (üç) manat cərimə, cəmi 210 (iki yüz on) manat, 01 avqust 2021-ci il tarixli 4254 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2238 (iki min iki yüz otuz səkkiz) manat əsas, 5 (beş) manat cərimə, cəmi 2243 (iki min iki yüz qırx üç manat) manat, 11 avqust 2021-ci il tarixli 4395 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 555 (beş yüz əlli beş) manat əsas, 2 (iki) manat cərimə, cəmi 557 (beş yüz əlli yeddi) manat, ümumilikdə 3010 (üç min on) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 55.22 (əlli beş manat, iyirmi iki qəpik) manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar