Məhkəmə qərarları › İş №e-2(051)-1409/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1409/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1409/2022 29.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştiraki ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 30 iyun 2022-ci il tarixli, e-2(051)-1409/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəməyə gəlmiş, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 №li xx.xx.2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya olunmuş xx.xx.2019-cu il tarixli 82rstMNG/19 saylı kredit müqaviləsi əsasında Cavabdeh illik 1% hesablanması ilə 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) 3434.32 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Cavabdeh banka kredit müqaviləsi üzrə 2497.01 manat əsas borc, 11.11 manat faiz borc olmaqla, cəmi 2508.12 manat kredit borcu vardır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 45.49 manat pulun cavabdehdən tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3434.32 manat məbləğində kredit almışdır. Krediti qismən ödəmiş, maddi imkanı olmadığı üçün tam ödəyə bilməmişdir. Kredit borcunun hesablanmasından şübhəsi yoxdur. Kredit borcunun hesablanması ilə bağlı ekspertiza keçirilməsinə də zərurət yoxdur. Kredit borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 82rstMNG/19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 1% dərəcəsi ilə 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) 3434.32 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 2497.01 manat əsas borc və 11.11 manat faiz borc olmaqla, cəmi 2508.12 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 2497.01 manat əsas borc və 11.11 manat faiz borc olmaqla, cəmi 2508.12 manat kredit borcu cavabdehdən alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 45.49 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 2497.01 (iki min dörd yüz doxsan yeddi manat bir qəpik) manat əsas borc və 11.11 (on bir manat on bir qəpik) manat faiz borc olmaqla, cəmi 2508.12 (iki min beş yüz səkkiz manat on iki qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 45.49 (qırx beş manat qırx doqquz qəpik) manat alınıb iddiaçı "xxxx" KB ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar