Məhkəmə qərarları › İş №e-2(051)-1523/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1523/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1523/2024 29.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1416.42 manat əsas, 212.46 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 36.69 manat olmaqla, cəmi 1665.57 manat pulun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında olan xx.xx.2023-cü il tarixli, 891-EEO-0161-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamışdır. Nəticədə onun banka 1416.42 manat əsas, 212.46 manat cərimə borcu olmaqla, cəmi 1628.88 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 1416.42 manat əsas, 212.46 manat cərimə borcu, dövlət rüsumu kimi ödənilmiş 36.69 manat, cəmi 1665.57 manat pulun tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün məhkəmə bildirişini cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 13 saylı Mənzil İstismar Sahəsinə ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında olan xx.xx.2023-cü il tarixli, 891-EEO-0161-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2023-ci il tarixli son xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 891-EEO-0161-23 saylı kredit müqaviləsi üzrə həmin tarixə 1416.42 manat əsas, 212.46 manat cərimə borcu olmaqla, cəmi 1628.88 manat borcu yaranmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair kreditor qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı təşkilata 1416.42 manat əsas borcu yaranmışdır. Müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə əsas məbləğə 212.46 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 18 ay müddətinə 1500 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli, 891-EEO-0161-23 saylı kredit müqaviləsi üzrə 1416.42 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 21 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 21 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2023cü il tarixli, 891-EEO-0161-23 nömrəli kredit müqaviləsi üzrə 1416.42 manat əsas və 21 manat cərimə pulu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun 34.78 manat məbləğində hissəsi alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1416.42 (bir min dörd yüz on altı manat qırx iki qəpik) manat əsas və 21 (iyirmi bir) manat cərimə olmaqla, cəmi 1437.42 (bir min dörd yüz otuz yeddi manat qırx iki qəpik) manat məbləğində pul alınaraq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCyə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 34.78 (otuz dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar