Məhkəmə qərarları › İş №e-2(051)-153/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-153/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-153/2023 18.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehdən 7115.86 manat əsas borc və 731.46 manat faiz borcu olmaqla, cəmi 7847.32 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 98.88 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17 % ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və əldə etdiyi kredit borcunun aylıq ödənişlərini pozmuşdur. Hazırda Cavabdeh təşkilata xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi üzrə 7115.86 manat əsas borc və 1003.18 manat faiz borcu olmaqla, cəmi 8119.04 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi üzrə 7115.86 manat əsas borc və 1003.18 manat faiz borcu olmaqla, cəmi 8119.04 manat və ödənilmiş 98.88 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət cavabdehlə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehdən 7115.86 manat əsas borc və 1003.18 manat faiz borcu olmaqla, cəmi 8119.04 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 98.88 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, vətən müharibəsi iştirakçıdır. 2-ci qrup əlildir. Maddi imkanı zərifdir. Belə ki, ailəlidir və iki övladı var. Vətən müharibəsi iştirakçısı olduğu üçün 719 manat məbləğində pensiya alır, eyni zamanda həmin puldan hər ay 160 manat məbləğində pul tutulur. Mənəvi və fiziki durumu ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Yaşayış minumumun nəzərə alınmasını xahiş edir. Borcdan yayınmır. Faiz borclarının silinməli olduğunu düşünür. Odur ki, deyilənlərə əsasən qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş ancaq məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə illik 17 % ödəmək şərtilə 8000 manat məbləğində kredit vermişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi üzrə banka 7115.86 manat əsas borc və 1003.18 manat faiz borcu olmaqla, cəmi 8119.04 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi üzrə banka hər ay 285.22 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi üzrə 7847.32 manat ümumi qalıq borcu qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi üzrə 8119.04 manat ümumi qalıq borcu qalmışdır. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/745 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə banka olan borcu 7119.25 manat əsas borc və 966,09 manat faiz borcu olmaqla, cəmi 8085,34 manat məbləğində borc təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 5 iş günü ərzində borcunu ödəməyəcəyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması ilə bağlı xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* saylı istehlak kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, bank cavabdehə 36 ay müddətinə illik 17% ödəmək şərtilə 8000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsinə dair cavabdeh iddiaçı təşkilat qarşısında öhdəlik götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka 7115.86 manat əsas borc və 1003.18 manat faiz borcu olmaqla, cəmi 8119.04 manat məbləğində borcları yaranmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/745 saylı ekspert rəyində əks olunan məbləğlə iddiaçının əvvəlki tələb etdiyi məbləğdən daha artıq olduğundan və yeni iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyindən və iddia həcmi artdığından qətnamə qəbul edilərkən nəzərə alınmamalıdır. AR MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 7115.86 manat əsas borc və 1003.18 manat faiz borcu olmaqla, cəmi 8119.04 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh 7115.86 manat əsas borc və 1003.18 manat faiz borcu olmaqla, cəmi 8119.04 manat pul tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.3-ci maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olduğu halda cavabdehin 2-ci qrup əlillik dərəcəsinin olduğundan o, dövlət rüsumu ödəməkdən azad olmalı və dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə–mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçı və cavabdehlərdən bərabər qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7115.86 (yeddi min yüz on beş manat, səksən altı qəpik) manat əsas, 1003.18 (bir min üç manat, on səkkiz qəpik) manat faiz olmaqla, cəmi 8119.04 (səkkiz min yüz on doqquz manat, dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 98.88 (doxsan səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində pul dövlət hesabına aid edilməlidir. Ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar