Məhkəmə qərarları › İş №e-2(051)-1648/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1648/2025

05.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1648/2025 05.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 176 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASCnin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən MP-P 01944 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X1 məxsus Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi 63 saylı evin, 4 saylı mənzilə 2018-ci ilin noyabr ayında Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin mənzilə dəymiş zərərə görə 176 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu 76 saylı MKİS-in Cəmiyyətə təqdim etdiyi xx.xx.2019-ci il tarixli məktubla da müəyyən olunmuşdur ki, X1 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 63 saylı evin, 4 saylı mənzilinə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 9 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar 0951/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla tələb irəli sürülmüş, lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2025-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan MP-P 01944 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, X1 məxsus Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi 63 saylı evin, 4 saylı mənzili “Əmlak sığortası” növü üzrə sığortalanmışdır. İşdə olan sığorta və qiymətləndirmə aktından görünür ki, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin mənzilə dəymiş zərərə görə 176 manat sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan cavabdehə ünvanlanmış subroqasiya məktubundan görünür ki, cavabdehə sığorta ödənişi məbləği xatırladılaraq, ondan həmin məbləği ödəmək tələb olunmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən MP-P 01944 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X1 məxsus Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi 63 saylı evin, 4 saylı mənzilə 2018-ci ilin noyabr ayında Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin mənzilə dəymiş zərərə görə 176 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu 76 saylı MKİS-in Cəmiyyətə təqdim etdiyi xx.xx.2019-ci il tarixli məktubla da müəyyən olunmuşdur ki, X1 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 63 saylı evin, 4 saylı mənzilinə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 9 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. Cavabdehin ünvanına subroqasiya məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Məhkəmə hesab edir ki, mənzilə su axıdılması ilə bağlı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin reallıqlarına uyğun gəlir və ona görə də ziyanın məbləği, sığorta ödənişi 176 manat qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan icbari sığorta müqaviləsinin bağlanması nəticəsində qanundan irəli gələn subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən, həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun xüsusi normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.2–ci maddəsinə əsasən bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Həmin Qanunun 35.4–cü maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Həmin Qanunun 36.1.5–ci maddəsinə əsasən daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən subroqasiya qaydasında 176 manat pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284- 5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 176 manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Cavabdeh 30 manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar