Məhkəmə qərarları › İş №e-2(051)-1657/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1657/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1657/2025 24.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı BOKT “X3” MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı BOKT “X3” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT “X3” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada cəmi 944,80 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-MN- 0048128-F sayıl Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% olmaqla 2677.41 Azn manat məbləğində güzəştli kredit rəsmləşdirilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 xx.xx.2019-cu il tarixli, L-MN00026572-F saylı Zaminlik müqaviləlləri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1732.61 Azn və faiz borcu üzrə 119.39 Azn olmaqla cəmi 1852.00 Azn məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 944.80 Azn və faiz borcu üzrə 0.00 Azn manat olmaqla cəmi 944.80 Azn məbləğində kredit borcu var. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdehlərdən müştərək qaydada 944,80 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı izahat verərək borcu qəbul etdiyini, qalan borcu hissə-hissə ödəyəcəyini bildirmiş və qətnamə qəbul edilərəkən izahatında qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia ərizəsinə onun iştirakı olmadan baxılıb, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan BOKT “X3” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN-0048128-F nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 2677,41 manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və verilmiş krediti qaytarmağı, habelə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə kreditdən istifadəyə görə illik 1% dərəcəsi ilə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan BOKT “X3” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN00026572-F nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 cəmi 944,80 manat məbləğində borcu yaranmışdır. İşdə olan BOKT “X3” MMC-nin xx.xx.2025-ci il tarixli 52 saylı arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra ödəniş etmişlər və borcluların xx.xx.2025-ci il tarixinə olan kredit borcu 794.80 manat təşkil edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN- 0048128-F nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 1 % dərəcəsi ilə 60 ay müddətinə 2677,41 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 1 % dərəcəsi olmaqla 60 ay müddətinə 2677,41 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 isə xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun məbləği iddia ərizəsində, həmçinin maliyyə arayışında 944.80 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə Cavabdeh1 kredit borcundan ödəniş etmiş və əsas borcun məbləği 794.80 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 794.80 manat məbləğində əsas borc alınıb iddiaçı BOKT “X3” MMC-nə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul alınıb iddiaçı BOKT “X3” MMC-nə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 794.80 manat məbləğində pul alınıb iddiaçı BOKT «X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30,40 manat pul alınıb BOKT “X3” MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar