Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1660/2021 27.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kredit borcunun ödənilməsinə dair məhkəmə əmri verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə 12.08.2021-ci il tarixli məhkəmə əmri vermişdir. Cavabdeh həmin əmrə etiraz vermiş, məhkəmə əmri ləğv olunmuşdur. Ona görə də materiallar iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27.02.2018-ci il tarixdə MNGK00227 saylı Nisyə-satış müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh məişət məhsulu satılmışdır. Nisyə-satış müqaviəsinə əlavə edilmiş cədvələ əsasən, borclu Cavabdeh 12 ay müddətinə hər ay 199 manat ödəməsini öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq borcunu ödəməmişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə 600 manat əsas, 558.90 manat cərimə borcu olmaqla, cəmi 1158.90 manat borcu yaranmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 20.40 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı MMC-dən məişət avadanlıqları almışdır. Maddi imkanı olmadığı üçün borcunu vaxtında ödəyə bilməmiş, ona görə də borcu yaranmışdır. Cərimənin azaldılmasını xahiş edir. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2018-ci il tarixli Nisyə-satış müqavilədən görünür ki, iddiaçı hissə-hissə, hər ay 199 manat olmaqla, 12 ay müddətində ödəmək şərti ilə dəyəri 2883.58 manat olan məişət avadanlığını cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdehun 600 manat əsas, 558.90 manat cərimə borcu olmaqla, cəmi 1158.90 manat manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 27.02.2018-ci il tarixli nisyə satış saylı müqaviləsi üzrə 558.90 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 60 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 27.02.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 600 manat əsas borc və 60 manat cərimə olmaqla, cəmi 660 manat tutularaq iddiaçı "xxxx" MMC xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20.40. manat alınıb iddiaçıya ödənilməlidir, 10 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 600 (altı yüz) manat əsas borc və 60 (altmış) manat cərimə olmaqla, cəmi 660 (altı yüz altmış) manat borc və dövlət rüsumu kimi ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat alınıb iddiaçı "xxxx" MMC -yə ödənilsin. Dövlət rüsumundan ödənilməmiş qalan 10 (on) manat cavabdehədn alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada vaerildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-1660/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1660/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver