Məhkəmə qərarları › İş №e-2(051)-1663/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1663/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1663/2025 20.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 12135.37 manat borcun və 126.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdehlər tərəfindən banka müəyyən ödənişlər edildiyindən, 10635.37 manat borcun və 126.4 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla X2 arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, 600842-32646/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 17500.00 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh1 arasında 10 iyul 2024-cü il tarixli, 600842-32646/1 nömrəli və Cavabdeh2 arasında 10 iyul 2024-cü il tarixli, 600842-32646/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan tərəfindən 10 iyul 2024-cü il tarixli, 600842-32646/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. Əsas borclu X2 xx.xx.2024-cü il tarixdə “Ürəyin kəskin işemik xəstəliyinin digər formaları “səbəbi ilə vəfat etmişdir. Elektron xidmət portalından (exidmet.justice.gov.az) verilən çıxarışdan görünür ki, bu günədək vərəsəlik işi açılmamışdır. Odur ki, bu səbəbdən zaminlər cavabdeh qismində iştirak edir. 17 iyul 2025-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 12135.37 manat məbləğində kredit borcu yaranmışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdehlər tərəfindən banka müəyyən ödənişlər edildiyindən, 06 oktyabr 2025-ci il tarixinə borcalanın banka 10635.37 manat borcu mövcuddur. Odur ki, cavabdehlərdən müştərək qaydada 10635.37 manat məbləğində pulun və ödənilmiş 126.4 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, 600842-32646/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 17500.00 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, 600842-32646/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, 600842-32646/1/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə “Ürəyin kəskin işemik xəstəliyinin digər formaları “səbəbi ilə vəfat etmişdir. İşdə olan Elektron xidmət portalından (exidmet.justice.gov.az) verilən çıxarışdan görünür ki, portala X2 barəsində məlumat daxil edilmiş, həmin məlumatlara uyğun vərəsəlik işi aşkar edilməmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borc xatırladılaraq, onlardan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, X1 06 oktyabr 2025-ci il tarixinə banka 10635.37 manat borcu mövcuddur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla X2 arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, 600842-32646/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 17500.00 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh1 arasında 10 iyul 2024-cü il tarixli, 600842-32646/1 nömrəli və Cavabdeh2 arasında 10 iyul 2024-cü il tarixli, 600842-32646/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. İddiaçı cavabdehlərə xx.xx.2025-ci il tarixdə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. Əsas borclu X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Elektron xidmət portalından (exidmet.justice.gov.az) verilən çıxarışdan görünür ki, portala X2 barəsində məlumat daxil edilmiş, həmin məlumatlara uyğun vərəsəlik işi aşkar edilməmişdir. Ona görə də iddiaçı bank X1 ödənilməmiş kredit borcunun ödənilməsini müştərək qaydada cavabdehlər, zaminlər Cavabdeh1 və Cavabdeh2 tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icra tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan, yəni hüquq varisliyinə yol verən əmlak xarakterli öhdəliklər olduğuna görə kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Bununla belə vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Hazırkı iş üzrə borclu olmuş X2 xx.xx.2024-cü il tarixdə vəfat etsə də, vərəsəlik işi açılmamışdır. Belə olan halda iddiaçı bankın zaminlərə, yəni iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını 2-ci bəndinə əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10635.37 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 126.4 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10635.37 (on min altı yüz otuz beş manat otuz yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 126.4 (bir yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar