Məhkəmə qərarları › İş №e-2(051)-167/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-167/2025

13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-167/2025 13.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh Qədir oğlunun iştirakı ilə İddiaçı Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyətinin Cavabdeh Qədir oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyəti Cavabdeh Qədir oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qədir oğlundan vurulmuş maddi zərərin əvəzi 4960,65 manatın tutularaq iddiaçı Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2020-ci il tarixdən Cavabdeh Qədir oğlu Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyətinin “Region xəbərləri” baş redaksiyasına Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan, Göyçay və Ağsu bölgələri üzrə xüsusi müxbir vəzifəsinə işə qəbul edilmişdir. 14 dekabr 2023-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəinin “a” bəndinə əsasən, (öz təşəbbüsü ilə) xitam verilmişdir. Onun məsul şəxs olduğunu nəzərə alaraq, öhdəsində olan maddi dəyərlərin QSC-yə təhvil verilməsi 899 k/d nömrəli əmrdə göstərilsə də, Cavabdeh xx.xx.2024-cü il tarixinə öhdəsində olan maddi dəyərləri təhvil verməmişdir. Cavabdeh tərəfindən QSC-yə ümumilikdə 4960,65 (dörd min doqquz yüz altmış manat, altmış beş qəpik) manat miqdarında ziyan dəymişdir. Cavabdeh tərəfindən QSC-yə təhvil verilməyən maddi dəyərlər aşağıdakılardır:

1. Akumlyator VARTA 1.2 2600 m A-4 ədəd qiymət-1ədəd 24,78, cəmi 99,12

2. Mikrafon üçün müdaxilə qoruyucusu- AZTV loqo ilə WS9042 1806 Sehulze-Brakel flocked medium blue P072c dekorativ-fold- 1ədəd, qiymət-139,75 manat

3. Yaddaş kartı SBS 64G18 Sony SxS Memory Card 64 GB-1ədəd, qiymət 1284 manat

4. Noutuk HP ElitBook 8560 w 15-2520M 4GB 2GB Quadro 1000M 15.6 displey 1 ədəd qiymət-1760 manat

5. Simsiz mikrofon sistemi Sony UTX-M03 Wireless microphone (handdheld)-1ədəd, qiymət- 843,99 manat

6. Sony SBAC-US30 SxS Memory Card USB Reader (yaddaş oxuma kartı/Yazma qurğusu)—1 ədəd, qiymət-833,79 Proses iştirakçılarının izahatları: İddiaçı Azərbaycan Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlamış, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh Qədir oğlu izahat verərək, iddia tələbi ilə razı olmadığını bildirdi. Belə ki, ona verilmiş texnikaları qəsdən itirməmişdir. Həmin texnikalar o, çəkilişdən gələn zaman oğurlanmışdır. Dəymiş zərəri ödəməkdən boyun qaçırmır, lakin texnikalara qəsdən zərər vurmamışdır. Bu barədə onun Sumqayıt Şəhər Polis Şöbəsinə rəsmi müraciəti də olmuşdur. Ondan tələb olunan texnikaların artıq istismar müddəti keçmişdir, buna baxmayaraq iddiaçı təşkilat həmin texnikaların hazırki bazar qiymətini tələb edir. İş materialları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, işçi Cavabdeh “Region xəbərləri” baş redaktoru, xüsusi müxbir vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli “tam maddi məsuliyyət haqqında müqavilədən” görünür ki, Cavabdeh Qədir oğlu işəgötürənin çəkdiyi bütün xərclərə görə maddi məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, işəgötürən Cavabdeh Qədir oğlunun işdən azad edilməsinə etiraz edilməmişdir. xx.xx.2023-cü il tarixli 899 k/d saylı əmrdən görünür ki, Cavabdeh Qədir oğlu maddi dəyərləri “X2”nə təhvil verilməsi əmr edilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, İmanov X1 VARTA 1.2 2600 m A-4 ədəd mikrafon üçün müdaxilə qoruyucusu, Yaddaş kartı SBS 64G18 Sony SxS Momery Card 64 GB-1ədəd, Noutuk HP ElitBook 8560 w 15-2520M 4GB 2GB Quadro 1000M 15.6 displey, Simsiz mikrofon sistemi Sony UTX-M03 Wireless microphone (handdheld)-1ədəd, Sony SBAC-US30 SxS Memory Card USB Reader (yaddaş oxuma kartı/Yazma qurğusu)—1 ədəd qurğuları təhvil vermişdir. xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, barışıq əldə edilməsi mümkün olmamışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Cavabdeh Qədir oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun xx.xx.2023-cü il tarixdə ünvanlandığı ərizəyə baxılmış, ərizədə göstərilən əşyaların tapılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi qeyd olunmuşdur. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh Qədir oğlunun müraciəti əsasında toplanmış materialdan görünür ki, Cavabdeh Qədir oğlu xx.xx.2023-cü il tarixdə ərizə ilə 4-cü Polis Bölməsinə müraciət edərək Sumqayıt Şəhər Avtovağzalının yaxınlığında olan zaman özünə məxsus olan çantada işlədiyi televiziyaya aid inventar avadanlıqları naməlum şəraitdə itirdiyini qeyd etmiş, həmin tarixdə izahatı alınmış, Sumqayıt Şəhər Polis İdarəsinin digər polis bölmələri hadisə ilə bağlı təlimatlandırılmış və Cavabdeh Qədir oğluna qeyd olunan əşyaların tapılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02-58/25 saylı rəydən görünür ki, Akumlyator VARTA 1.2 2600 m A-4 ədəd; Mikrafon üçün müdaxilə qoruyucusu- AZTV loqo ilə WS9042 1806 Sehulze-Brakel flocked medium blue P072c dekorativ-fold- 1ədəd; Yaddaş kartı SBS 64G18 Sony SxS Momery Card 64 GB-1ədəd; Noutuk HP ElitBook 8560 w 15- 2520M 4GB 2GB Quadro 1000M 15.6 displey 1 ədəd; Simsiz mikrofon sistemi Sony UTX- M03 Wireless microphone (handdheld)-1ədəd; Sony SBAC-US30 SxS Memory Card USB Reader (yaddaş oxuma kartı/Yazma qurğusu) - 1 ədəd olmaqla qeyd edilən əşyaların işlənməmiş halda bazar dəyəri, 3465 manat, işlənmiş halda bazar dəyəri 2772 manat təşkil edir. xx.xx.2025-ci il tarixli 02-58/25 saylı rəy ilə bağlı xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir. İşin müəyyən olunmuş halı xx.xx.2020-ci il tarixdən Cavabdeh Qədir oğlu Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyətinin “Region xəbərləri” baş redaksiyasına Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan, Göyçay və Ağsu bölgələri üzrə xüsusi müxbir vəzifəsinə işə qəbul edilmişdir. Maddi məsul şəxs xx.xx.2024-cü il tarixinə Cavabdeh öhdəsində olan maddi dəyərləri təhvil verməmişdir. Bu səbəbdən iddiaçı tərəf vurulmuş maddi zərərin əvəzi 4960,65 manat məbləğində borcu cavabdehdən tələb edir. Zərər vurulmuş əşyaların qiymətləndirilməsi ilə bağlı ekspert rəyi alınmışdır. Cavabdeh həmin əşyaların oğurlanması ilə bağlı polis orqanına müraciət etmişdir. Cavabdeh iddia tələbində qeyd olunan maddi zərərlə razı deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199. İşçinin tam maddi məsuliyyəti

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin halları ilə işəgötürənə ziyanın vurulması müəyyən olunmuşdur. Bu ziyanın bütünlüklə məhz cavabdehin təqsirindən vurulduğu sübut olunmur. Belə ki, polis bölməsindən məhkəməyə daxil olmuş cavabdehin müraciəti əsasında toplanmış materialdan da görünür ki əvəzi tələb olunan televiziyaya aid inventar avadanlıqlar (mikrofon, ötürücü qurğu, yaddaş kartı, noutbuk, və poverbank) olan çantanın oğurlanması ilə bağlı polis idarəsinə cavabdeh tərəfindən məlumat verilmişdir. Bu istiqamətdə polis idarəsində araşdırmalar aparılmışdır. Cavabdeh araşdırmanın nəticəsi barədə dəfələrlə polis idarəsinə müraciət etmişdir. Eyni zamanda müəyyən olunur ki, cavabdeh polis idarəsinə qeyd olunan əmlakların oğurlanması ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən 11 ay əvvəl müraciət etmişdir. Bununla yanaşı cavabdeh həmin əmlakların oğurlanması ilə bağlı işlədiyi idarəyə məlumat vermişdir. Belə olan halda iddiaçı tərəfindən cavabdehin iradəsinin ziddinə olaraq onun sahibliyindən çıxmış əmlakların əvəzi tələb oluna bilməz. Bununla belə oğurlanması qeyd olunan əmlakların siyahısında Akumlyator qeyd olunmamışdır. Cavabdeh tərəfindən həmin əmlakın ondan oğurlanması və ya onun təqsiri olmadan təhvil verilə bilməməsi barədə sübut təqdim olunmamışdır. Həmin əmlakın dəyəri iddia ərizəsində 4 ədəd, hər biri 24,78 manat olmaqla cəmi 99,12 manat olduğu qeyd olunmuşur. Məhkəməyə təqdim olunan ekspert rəyində də həmin əmlakın dəyərinin işlənmiş qiyməti cəmi 99, 81 manat müəyyən olunmuşdur. Belə olan halda iddia iddia qismən təmin edilməli Cavabdeh Qədir oğlundan 99,12 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməldir. İddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ekspertiza məsrəfi ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Qədir oğlundan cəmi 99,12 (doxsan doqquz manat on iki qəpik) (Akumlyator VARTA 1.2 2600 m A-4 ədəd qiymət-1ədədi 24,78 manat) manat məbləğində pul alınaraq iddiaçı Azərbaycan Azərbaycan Televiziya və X3 Səhmdar Cəmiyyətinə pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci 250 manat iddiaçıdan alınaraq "xxxx" MMC-nin hesabına (Kapital Bank ASC Qara Qarayev filialı, Kod 200145, VÖEN**********, SWİFT kod AİİBAZ2X, M/h:AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar