Məhkəmə qərarları › İş №e-2(051)-1684/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1684/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1684/2025 17.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlərdən müştərək qaydada 27700.67 manat əsas kredit borcu, 1472.66 manat faiz borcu, 390.59 manat cərimə borcu olmaqla, cəmi 29563.92 manat məbləğində pulun və ödənilmiş 179.51 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.3333% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 38000 manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit borcundan 10299.33 manat ödəniş etmiş və onun iddiaçıya 27700.67 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 112 gün üçün hesablanmış faiz borcu 926.71 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 112 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 390.59 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcunu ödəməkdən yayınmışlar. Odur ki, cavabdehlərdən müştərək qaydada 27700.67 manat əsas kredit borcu, 1472.66 manat faiz borcu, 390.59 manat cərimə borcu olmaqla, cəmi 29563.92 manat məbləğində pulun və ödənilmiş 179.51 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddiaçı tərəfin təqdim etdiyi sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 48 ay müddətində aylıq faiz dərəcəsi 1.3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 38000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh1 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə manat 28300.67 əsas, 1472.66 manat faiz, 390.59 manat cərimə olmaqla, cəmi 30163.92 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, bankla cavabdeh X2 arasında xx.xx.2023-cü il tarixdə kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 48 ay müddətinə, 38000 manat məbləğində kredit (borc) verilmişdir. Cavabdeh X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və onun borcu yaranmışdır. Nəticədə, iddiaçı bank xx.xx.2025-ci il tarixdə cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış, Cavabdeh2 iddiaçıdan 48 ay müddətində, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 38000 manat məbləğində borc pul almışdır. Cavabdeh2 həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh1 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməklərinə dair iddiaçı bankla zaminlik müqaviləsi bağlamışlar. Hazırda Cavabdeh2 borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə, həmçinin iddianın digər cavabdehə aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 da zamin olaraq bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 27700.67 əsas borc, xx.xx.2025-ci il tarixli bildirişə əsasən, 1472.66 manat faiz, 390.59 manat cərimə olmaqla, cəmi 29563.92 manat borc məbləği alınmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə pulun ödənilməsinə dair bildiriş göndərməsi, yəni iddiaçı bankın birtərəfli iradə ifadəsini cavabdehə bildirməsi ilə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ilə məhkəmədən kənar qaydada ləğv edilmiş hesab edilməlidir. Bununla da iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehdən 27700.67 əsas, 1472.66 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən azaldılaraq, 30 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 30 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 27700.67 əsas, 1472.66 manat faiz və 30 manat cərimə olmaqla, cəmi 29203.33 manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun 177.61 manat məbləğində hissəsi alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 27700.67 əsas, 1472.66 manat faiz və 30 manat cərimə olmaqla, cəmi 29203.33 manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumunun 177.61 manat hissəsi alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar