Məhkəmə qərarları › İş №e-2(051)-1759/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1759/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1759/2025 25.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2400 (iki min dörd yüz) manat məbləğində maddi ziyanın və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı cəmiyyətin sahibliyində olan Hyundai markalı, ** JP *** dövlət qeydiyyat nişanlı Evakuatr avtomobilin sürücüsü olmuşdur. 24 yanvar 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək avtomobilə maddi ziyan vurmuşdur. Yol Patrul Xidmətinin İXP ******* nömrəli protokoluna əsasən Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Avtomobilə ümumilikdə 2600 manat məbləğində ziyan dəymişdir. Dəfələrlə cavabdehə dəymiş ziyanın məbləğinin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yalnız 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə yazaraq maddi ziyanın qarşılığı kimi 2600 manat verəcəyinin olduğunu və həmin puldan 200 manat ödədiyini, 2400 manat ödənilməmiş öhdəliyinin qaldığını etiraf etmişdir. Ondan sonra isə heç bir məbləğdə ödəniş etməyib. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, bununla belə iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq, işlərin çoxluğu ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 12 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki, işçi sifarişə uyğun olaraq minik avtomobilini, yük maşınını və başqa yükləri qaiməyə əsasən evakuatora səliqəli, zədələnmədən, yararsız hala düşmədən, görkəminə diqqət yetirir, həmin yükü vaxtında göstərilmiş ünvana çatdırır. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, Musayev X1 ilə Hunday HD78 markalı 77JP188 dövlət nömrə nişanlı maşınla daşıdığı Changan markalı maşına maddi ziyan vurmuş, dəymiş zərərin 2400 manat hissəsini ödəməkdən imtina etmişdir. AR ƏM-nin 72."c" - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğunu əsas tutaraq, Nəqliyyat və xidmətlərin təşkili şöbəsi/Nəqliyyat xidmətləri bölməsi" bölməsində "sürücü" vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. İşdə olan Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi 77JP188 Hyundai Evakuatrın üzərində olan avtomobilə 2600 manat məbləğində zərər vurmuşdur və bu zərərdən 200 (iki yüz) manat ödəmişdir. Hazırda 2400 manat ödənilməmiş öhdəliyi qalmışdır. Hazırda qalan maddi zərəri etiraf etmişdir. İş materiallarına Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol əlavə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixində Musayev X2 HD78 markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixində Musayev X2 HD78 markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində inzibati cərimə edilmişdir. Avtomobilə ümumilikdə 2600 manat məbləğində ziyan dəymişdir. Cavabdeh bu zərərdən 200 (iki yüz) manat ödəmişdir. Qalan 2400 manat məbləği isə ödəməmişdir. Bu faktlar Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış izahatda öz əksini tapmış və cavabdeh qalan maddi zərəri etiraf etmişdir. Musayev X1 ilə Hyundai HD78 markalı 77JP188 dövlət nömrə nişanlı maşınla daşıdığı Changan markalı maşına maddi ziyan vurmuş, dəymiş zərərin 2400 manat hissəsini ödəməkdən imtina etmişdir. Nəqliyyat və xidmətlərin təşkili şöbəsi Nəqliyyat xidmətləri bölməsi" bölməsində "sürücü" vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə «AR ƏM-in 70."ç" maddəsi ilə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək hüquq münasibətlərindən irəli gələn işçinin əmək funksiyalarının icrası zamanı işəgötürənə maddi ziyan vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin fərdi əmək mübahisələrini tənzimləyən, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntuları (deliktlər) nəticəsində qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının əlaqəli şəkildə tətbiq edilməsi əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 191–ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192–ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194–cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 203–cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, həmçinin müəyyən etdi ki, tərəflər arasında yaranmış əmək hüquq münasibətləri nəticəsində cavabdeh əmək funksiyalarının icrası zamanı iddiaçıya maddi ziyan vurmuşdur. Bununla belə cavabdeh vurduğu maddi ziyanın 2400 manat məbləğində hissəsini ödəməmişdir. Cavabdeh bu faktları xx.xx.2025ci il tarixdə yazılmış izahatında göstərərək qalan maddi ziyanı etiraf etmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan hüquq normaları iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və ziyanın ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə Hyundai HD78 markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində inzibati cərimə edilmişdir. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya vurulmuş maddi ziyanla cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, onun 2400 manat məbləğində pul vəsaitini iddiaçıya ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2400 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 44 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 44 (qırx dörd) manat məbləğində pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar