Məhkəmə qərarları › İş №e-2(051)-1774/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1774/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1774/2024 21.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5912.98 manat əsas kredit borcu, 691.2 manat faiz borcu, 296.2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6900.38 manat məbləğində pulun və ödənilmiş 91 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bankın nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bankla Cavabdeh arasında xx.xx.2023–cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı bank cavabdehə 36 ay müddətinə illik 17.5 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit vermişdir. Cavabdeh isə əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Bununla da cavabdehin banka 5912.98 manat əsas kredit borcu, 691.2 manat faiz borcu, 296.2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6900.38 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Hesab edir ki, cavabdehdən 5912.98 manat əsas kredit borcu, 691.2 manat faiz borcu, 296.2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6900.38 manat məbləğində pulun və ödənilmiş 91 manat məbləğində dövlət rüsumu alınıb təmsil etdiyi şəxsə verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 9 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023–cü il tarixli CC/71820/90/36 saylı kredit sazişindən görünür ki, bank cavabdehə 36 ay müddətinə illik 17.5 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit vermişdir. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2023–cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialından 7000 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 5912.98 manat əsas kredit borcu, 691.2 manat faiz borcu, 296.2 manat məbləğində cərimə borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq ondan həmin pul məbləği tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2023–cü il tarixli CC/71820/90/36 saylı kredit sazişi, yəni etibarlı şəkildə borc müqaviləsi bağlanmış, həmin sazişə əsasən bank cavabdehə 36 ay müddətinə illik 17.5 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit (borc) vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 5912.98 manat əsas kredit borcu, 691.2 manat faiz borcu qalmışdır Kredit öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə ona 296.2 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 36 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit (borc) pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka ödənilməmiş 5912.98 manat əsas, 691.2 manat faiz borcu yaranmış, öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə ona 296.2 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, cavabdehdən xx.xx.2023–cü il tarixli CC/71820/90/36 saylı kredit müqaviləsi üzrə 5912.98 manat əsas, 691.2 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 96 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 96 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, iddia qismən təmin edilməli, xx.xx.2023–cü il tarixli CC/71820/90/36 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 5912.98 manat, 691.2 manat faiz borcu, 96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6700.18 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 87.41 manat məbləğində hissəsi cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlaraəsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas kredit borcu üzrə 5912.98 (beş min doqquz yüz on iki manat doxsan səkkiz qəpik) manat, 691.2 (altı yüz doxsan bir manat iyirmi qəpik) manat faiz borcu, 96 (doxsan altı) manat məbləğində cərimə olmaqla, cəmi 6700.18 (altı min yeddi yüz manat on səkkiz qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 87.41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində hissəsi alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar