Məhkəmə qərarları › İş №e-2(051)-1802/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1802/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1802/2024 14.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 6028,40 manat əsas, 1100,93 manat faiz, 71,45 manat cərimə borcu olmaqla, cəmi 7200,78 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 92,41 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün illik 27,50% ödəmək şərtilə 6300 manat məbləğində kredit vermişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və əldə etdiyi kredit borcunun aylıq ödənişlərini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Nəticədə, onun 6028,40 manat əsas, 1100,93 manat faiz, 71,45 manat cərimə borcu olmaqla, cəmi 7200,78 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 27,50% ödəmək şərtilə 6300 manat məbləğində kredit vermişdir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 6028,40 manat əsas, 699,56 manat faiz, 26,18 manat cərimə olmaqla, cəmi 6754,14 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdehnın iddiaçıya olan borcu 6028,40 manat əsas, 1100,93 manat faiz, 71,45 manat cərimə borcu olmaqla, cəmi 7200,78 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün illik 27,50% ödəmək şərtilə 6300 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh əldə etdiyi kredit borcunu hər ay hissə-hissə qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə, onun banka borcu yaranmışdır. İddiaçı tərəf cavabdehə bildiriş göndərərək borcun ödənilməsini tələb etmiş, lakin cavabdeh ödəniş etmədiyinə görə iddiaçı tərəf məkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında predmeti pul məbləği olan borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 27,50% ödəmək şərtilə 6300 manat məbləğində kredit vermişdir. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq əldə etdiyi kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilməsinə dair cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ləğv edildiyindən, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli bildirişə əsasən 6028,40 manat əsas, 699,56 manat faiz, 26,18 manat cərimə olmaqla, cəmi 6754,14 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə 6028,40 manat əsas, 699,56 manat faiz, 26,18 manat cərimə olmaqla, cəmi 6754,14 manat məbləğində borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz və cərimə məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 6028,40 manat əsas, 699,56 manat faiz, 26,18 manat cərimə olmaqla, cəmi 6754,14 manat məbləğində qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumu 87,55 manat alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6028,40 manat əsas, 699,56 manat faiz, 26,18 manat cərimə olmaqla, cəmi 6754,14 manat məbləğində pul alınıb iddiaçı "xxxx" KB ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumu rüsumu 87,55 manat Cavabdeh alınıb iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar