Məhkəmə qərarları › İş №e-2(051)-1824/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1824/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1824/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İmanlı Banu Pənah qızının katibliyi Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2611,40 manat əsas , 3128,72 manat faiz, 2429,86 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 378,72 manat faiz borcu olmaqla, cəmi 8548,70 manat pulun və 105,49 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 04 avqust 2017ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən illik 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Beləliklə Cavabdeh banka 04 avqust 2017-cu il tarixli kredit müqaviləsi üzrə 2611,40 manat əsas, 3128,72 manat faiz, 2429,86 manat cərimə, Kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum Qərarına əsasən hesablanmış 378,72 manat faiz borcu olmaqla, cəmi 8548,70 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, iddiaçı cavabdehdən 2611,40 manat əsas, 3128,72 manat faiz, 2429,86 manat cərimə, Kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum Qərarına əsasən Hesablanmış 378,72 manat faiz borcu olmaqla, cəmi 8548,70 manat borcun və ödənilmiş 105,49 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan baxılmasını və iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə uyğun olaraq məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı iddia ərizəsində 04 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 24 ay müddətinə 3000 manat kredit vermişdir. Lakin iddia tələbi xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinə təqdim edilmişdir. Bununla da iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkil) izahatını, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia ərizəsi, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2017-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank müştəriyə 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəmə qrafikinə əsasən borclu Cavabdeh götürdüyü kredit üzrə hər ay müxtəlif məbləğlərdə olmaqla, xx.xx.2017-xx.xx.2019-cu il ərzində kreditin əsas məbləği və onun faizləri ilə birlikdə cəmi 3988,75 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC-yə maliyyə arayışından görünür ki, Cavabdehnın banka olan əsas borcu 2611,40 manat əsas , 3128,72 manat faiz, 2429,86 manat cərimə, Kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum Qərarına əsasən Hesablanmış 378,72 manat faiz borcu olmaqla, cəmi 8548,70 manat təşkil edir. İşdə olan Cavabdeh və onun etibarnamə üzrə vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdeh və nümayəndəsi sözügedən iddiaya iddia müddətinin tətbiq olunmasını və müddətin keçməsi ilə əlaqədar iddianın rədd olunmasınıməhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin və etibarnamə üzrə nümayəndəsi və vəkilinin ərizəsindən görünür ki, o, iddiaçı təşkilatın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh ilə bağlanmış 04 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Belə olan halda üç illik müddətin axımı xx.xx.2019-cu il tarixdə başlayaraq xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tuturaq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcu alınması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar