Məhkəmə qərarları › İş №e-2(051)-1835/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1835/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1835/2024 21.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən iddiaçının 5602 AZN əsas, 1009,44 AZN faiz, 137,11 AZN cərimə olmaqla, cəmi 6748,55 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 87,89 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxarkən AZEMİS elektron portalına baxış keçirmiş və müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə iş maeriallarını nəzərədən keçrib hesab edir ki, ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırılması qanunvericilikdə nəzərdə tutulmadığından, işin məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, hazırkı iş üzrə cavabdeh xx.xx.2024-cü il tarixində öldüyü halda, İddiaçı "xxxx" ASC 16 avqsut 2024-cü il tarixdə, yəni cavabdehin ölümündən 6 ay keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən mülkiprosessual hüquq qabiliyyətinə və mülkiprosessual fəaliyyət qabiliyyətinə malikdir və öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 48-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsinə əsasən Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İş materiallarından görünür ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin cavabdeh kimi göstərilmiş şəxsin iddia verilməsindən xeyli əvvəl ölməsinin iddiaçıya məlum olması da işin mübahisəsiz halı kimi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə iddiaçıya izah etməlidir ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçıya müvafiq tələbi cavabdehin prosessual hüquqi varisinə qarşı yönəltməklə iddia verə biləcəyi izah edilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar