Məhkəmə qərarları › İş №e-2(051)-1860/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1860/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1860/2023 07.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: "xxxx" ASC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKK/26 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehdən həmin kredit müqaviləsi üzrə 5195 manat əsas kredit borcu, 174.71 manat faiz borcu və 0.14 manat cərimə borcu olmaqla, cəmi 5369.85 manat məbləğində pulun və ödənilmiş 73.70 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKK/26 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə cavabdehə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 5195 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Nəticədə, 5195 manat əsas kredit borcu, 174.71 manat faiz borcu və 0.14 manat cərimə borcu olmaqla, cəmi 5369.85 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, telefon vasitəsi ilə əlaqə saxlanılmış və cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKK/26 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə vaxtı keçmiş kredit borcunun restrukturizasiyasıməqsədi ilə illik 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, 5195 manat məbləğində kredit verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu 5195 manat əsas kredit borcu, 174.71 manat faiz borcu və 0.14 manat cərimə borcu olmaqla, cəmi 5369.85 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank cavabdehə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, 5195 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun 5195 manat əsas kredit borcu, 174.71 manat faiz borcu və 0.14 manat cərimə borcu olmaqla, cəmi 5369.85 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, 5195 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 5195 manat əsas kredit borcu, 174.71 manat faiz borcu və 0.14 manat cərimə borcu olmaqla, cəmi 5369.85 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2019cu il tarixli MF-FKK/26 saylı kredit müqaviləsi ləğv edilməli, xx.xx.2019-cu il tarixli MF- FKK/26 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5195 manat əsas kredit borcu, 174.71 manat faiz borcu və 0.14 manat cərimə borcu olmaqla, cəmi 5369.85 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli MF-FKK/26 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli MF-FKK/26 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh 5195 manat əsas kredit borcu, 174.71 manat faiz borcu və 0.14 manat cərimə borcu olmaqla, cəmi 5369.85 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 73.70 manat pul alınıb "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar