Məhkəmə qərarları › İş №e-2(051)-195/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-195/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-195/2022 21.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 999.76 manat qalıq borc, 254.34 manat cərimə olmaqla, ümumilikdə 1254.10 manat borcun və 32.54 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06.12.2021-ci il tarixli, 2(051)-2222/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı tərəf iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 03.08.2018-cu il tarixli, QRQK00459 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı cavabdehə ilkin ödəniş məbləği daxil olmaqla 2014.88 manat dəyərində məişət əşyasını nisyə satmış və məhsul cavabdehə təhvil verilmişdir. Lakin müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 999.76 manat qalıq borcu, 254.34 manat cərimə borcu olmaqla, cəmi 1254.10 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.08.2018-cu il tarixli, QRQK00459 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə siyahısı təhvil-təslim aktında göstərilən malı satmış, cavabdeh isə iddiaçıya həmin malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 03.08.2018-cu il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği də daxil olmaqla, cəmi 2014.88 manat dəyərində olan məişət əşyasını cavabdehə təhvil vermişdir. İşdə olan 03.08.2018-cu il tarixli, QRQK00459 saylı alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən, cavabdeh 18 ay müddətində hər ayın 03-dən gec olmamaq şərti ilə 112 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 12.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 03.08.2018-cu il tarixli, QRQK00459 saylı müqaviləyə əsasən 999.76 manat əsas, 254.34 manat cərimə borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış 26.10.2021-ci il tarixli tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı təşkilatla cavabdeh arasında bağlanmış 03.08.2018-cu il tarixli, QRQK00459 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə 112 manat məbləğində ödəniş etməsi şərti ilə cəmi 2014.88 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində olan məişət əşyasını nisyə satmışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh hər ay ödəniş etməli olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçı təşkilata 999.76 manat qalıq borcu borcu yaranmış, öhdəliyini yerinə yetirmədiyinə görə cavabdehin əsas borcuna iddiaçı təşkilat tərəfindən 254.34 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə 112 manat məbləğində ödəniş etməsi şərti ilə cəmi 2014.88 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində olan məişət əşyasını almış, lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 03.08.2018-cu il tarixli, QRQK00459 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 999.76 manat qalıq borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, müvafiq olaraq 11 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 11 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 999.76 manat qalıq borc və 11 manat cərimə pulu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 32.54 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 999.76 (doqquz yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat qalıq borcu və 11(on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 1010.76(min on manat yetmiş altı qəpik) manat pul tutulub İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 32.54 (otuz iki manat əlli dörd) manat pul alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar