Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2004/2023 31.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh: Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borcu 2552.14 manat, faiz borcu 818.72 manat olmaqla, cəmi 3370.86 (üç min üç yüz yetmiş manat səksən altı qəpik) manat məbləğinin və ödənilmiş 53,70 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı 2552.14 manat əsas borc, 818.72 manat faiz borcu olmaqla, cəmi 3370.86 (üç min üç yüz yetmiş manat səksən altı qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-MİN-03 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSCyə təhvil verilmişdir. Bildirir ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli 2-29.122014-MİN56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 24%-lə 3000.00 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh1 arasında 29 dekabr 2014-cü il tarixli 2-29.122014- MİN56 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 ümumilikdə 447.86 manat əsas borcdan ödəmişdir. Cavabdeh2 iddiaçıya olan ödənilməmiş əsas borcu 2552.14 manat, faiz borcu 818.72 manat olmaqla, cəmi borcu 3370.86 (üç minüç yüz yetmiş manat səksən altı qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və zamini Cavabdeh1 dəfələrlə müraciət olunmasına, onlar tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Hesab edir ki, Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 3370.86 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Ona görə də məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borcu 2552.14 manat, faiz borcu 818.72 manat olmaqla, cəmi 3370.86 (üç min üç yüz yetmiş manat səksən altı qəpik) manat məbləğinin və ödənilmiş 53,70 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçı Aqrarkredit QSC ona və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini qəbul etmirlər. Cavabdeh2 "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 24% illik faiz dərəcəsi olmaqla 3000 manat məbləğdə kredit götürmüşdür. Həmin tarixdə onunla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı ildə bitmişdir. İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən sonra müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiq edilib iddia tələbi rədd edilməlidir. Lakin buna baxmayaraq iddia müddətinin keçməsi səbəbindən iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmədən göstərilən mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 vəsatət ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən gətirilən sübutlar hər biri 2016-cı ilə kimi mövcud olmuş və artıq həmin vaxtdan 6 ilə yaxın bir müddət keçmişdir. İddiaçı tərəf iddia müddətinin ötürülməsinin üzürlü səbəbi barədə heç bir mötəbər sübutun təqdim etmədi. Bu səbəbdən də iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə yuxarıda şərh olunan qanunları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, göstərilən iş üzrə Konstitusiya Məhkəməsinin plenumunun qərarları ilə göstərilən maddələrinin şərhi nəzərə alınmaqla iddia müddəti tətbiq edilməli və iş üzrə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia müddəti tətbiq edilməklə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №e-2(051)-2004/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2004/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver