Məhkəmə qərarları › İş №e-2(051)-2071/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2071/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2071/2022 22.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştiraki ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə yaranmış cəmi 12543.47 manat kredit borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh tərəfindən banka müəyyən ödənişlər edildiyini bildirmiş, cavabdehlərdən müştərək qaydada 10743.09 manat əsas borc və 1490.58 manat faiz borcu olmaqla, cəmi 12233.67 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 128.03 manat pulun tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2021 il tarixli, 600804-865650/2 №li kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan illik 21 faiz dərəcəsi ilə 42 ay müddətinə 12617 manat məbləğində kredit almışdır. Kreditin ödənilməsinin təminatı olaraq Zamin1 ilə 02 sentyabr 2021 il tarixli, 600804-865650/2 №li və Zamin2 ilə 02 sentyabr 2021 il tarixli, 600804- 865650/2/2 №li zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 10743.09 manat əsas borc və 1490.58 manat faiz borcu olmaqla, cəmi 12233.67 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 128.03 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də, İddiaçı ASC-dən 02 sentyabr 2021 il tarixli kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi ilə 42 ay müddətinə 12617 manat məbləğində kredit almışdır. Lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdehlər Zamin1 və Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2021 il tarixli, 600804-865650/2 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 21 faiz dərəcəsi ilə 42 ay müddətinə 12617 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı ASC ilə cavabdeh Zamin1 arasında bağlanmış 02 sentyabr 2021 il tarixli, 600804-865650/2 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş İddiaçı ASC ilə cavabdeh Zamin2 arasında bağlanmış 02 sentyabr 2021 il tarixli, 600804-865650/2/2 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş 02 sentyabr 2021-ci il tarixli kassa-məxaric orderin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12617 manat kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2021 il tarixli, 600804-865650/2 №li müqaviləyə əsasən cavabdehin banka 10743.09 manat əsas borc və 1490.58 manat faiz borcu olmaqla, cəmi 12233.67 manat kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 10743.09 manat əsas borc və 1490.58 manat faiz borcu olmaqla, cəmi 12233.67 manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 128.03 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 10743.09 (on min yeddi yüz qırx üç manat doqquz qəpik) manat əsas borc və 1490.58 (bir min dörd yüz doxsan manat əlli səkkiz qəpik) manat faiz borc olmaqla, cəmi 12233.67 (on iki min iki yüz otuz üç manat altmış yeddi qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 128.03 (bir yüz iyirmi səkkiz manat üç qəpik) manat pul alınıb İddiaçı ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar