Məhkəmə qərarları › İş №e-2(051)-212/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-212/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-212/2023 17.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin və razılaşmanın ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5201,50 manat məbləğində əsas kredit borcu, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9,39 manat cərimə, cəmi 5635,56 manat məbləğində borcun, həmçinin 76,36 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 17% dərəcəsi ilə, 7700 manat məbləğində kredit verilmişdi. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx.xx.2021-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kreditmüqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçıSC-yə 5201,50 manat məbləğində əsas kredit borcu, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9,39 manat cərimə borcu, cəmi 5635,59 manat məbləğində borcu qalmaqdadır. Ona görə də, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3l l80321_10775080l saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5201,50 manat məbləğində əsas kredit borcunun, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 9,39 manat cərimə cəmi 5635,56 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 76,36 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, həqiqətəndə İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən bankdan 7700 manat məbləğində kredit götürülmüşdür. Ödənişlərdən etmişdir. Lakin maddi imkanı olmadığı üçün ödənişləri edə bilməmişdir. Maddi vəziyyəti düzələn kimi ödənişlərdən edəcəkdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, həqiqətəndə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bağlanmış kredit müqaviləsinə əsasən bankdan 7700 manat məbləğində kredit götürülmüşdür. Maddi imkanları düzələn kimi borclarından ödəniş edəcəklər. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə müqavilə bağlayaraq 7700 manat məbləğdə kredit almış, aldığı borc məbləğini 17% ilə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 zaminlik icrası təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 6 il müddətinə illik 17% dərəcəsi ilə, 7700 manat məbləğində kredit verilmişdi. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kreditmüqaviləsi üzrə öhdəliklərin icrası üçünməsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görəfaizlərin ödənilməsi üçün tədbir görülməmiş, kreditmüqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçıSC-yə 5201,50 manat məbləğində əsas kredit borcu, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5635,56 manat məbləğində borcu qalmaqdadır.. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Məhkəmə, işin hallarına kredit qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit və ipoteka müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Hakim iş materiallarını, tərəflərin izahatını təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddiası təmin olunmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 14.1-ci maddəsində göstərilmişdir ki, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 76,36 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 241-244, 357 və 360-maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli 3l l80321_10775080l saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5201,50 manat məbləğində əsas kredit borcu, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9,36 manat cərimə borcu cəmi 5635,56 manat məbləğində borc alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 73,68 manat pul, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar